Vəzifə borcunu da, vətəndaşlıq borcunu da məsuliyyətlə yerinə yetirəcəyik

İkinci Qarabağ müharibəsinin başlamasından iki il keçir. Bu müharibənin Zəfər sonluğu Azərbaycanın güclü dövlət, Azərbaycan Ordusunun güclü ordu olduğunu təsdiqlədi. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı və vüsət aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri istər respublikamızda, istərsə də xaricdə bir gerçəklik yaşadır: işğaldan azad edilmiş ərazilərimizdə şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulacaq.
Ölkə başçısının sentyabrın 27-də, Anım Günündə Füzuli rayonuna səfəri də bu əmin¬liyi bir daha yaşatdı.  Ölkə başçısı qürurla dedi ki, biz torpaqlarımızı işğaldan azad etdik, şəhidlərimizin qisasını aldıq. İctimaiyyət əmindir ki, quruculuq işləri tezliklə başa çatacaq, bu da ermənilikdən azərbaycançılığın qisası olacaq.
“İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik” – fikirləri hər bir azərbaycanlının düşüncələrinə hopub.
“Xoşbəxt nəsil. Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər” kəlamları azərbaycançılığın Vətən sevgisinin uver¬tü¬ra¬sı kimi tarixləşdi. Hər bir azərbaycanlı bu kəlamın aşıladığı qüruru fəaliyyətinin başlıca qayəsi biləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın hər bir və¬tən¬daşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın” tövsiyəsi də Vətən sevgisinin tərkib hissəsi kimi yaşadılacaq. Bu vəd vətəndaşlığı şərtləndirən şərt qüdrətində olacaq. Hər birimiz vədimizi bu kəlamların işığında yerinə yetirəcəyik.
Biz quruculuq işlərində də üzərimizə düşən vəzifə borcunu da, vətəndaşlıq borcunu da məsuliyyətlə yerinə yetirəcəyik.
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı