Zelenski Xarkovu qorumaq üçün tərəfdaşlarına müraciət etdi

Mart ayında Rusiya Ukrayna ərazisinə 400-dən çox raket və 600-dən çox “Şahed” tipli dron atıb. Bu hücumlardan ən çox Xarkov əziyyət çəkir, onu qorumaq üçün “Patriot” sistemləri lazımdır.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” səhifəsində yazıb.

“Təkcə bu martında rusiyalı terrorçular Ukraynaya qarşı 400-dən çox müxtəlif tipli raketlər, 600-dən çox “Şahed” və 3 mindən çox idarə olunan bomba yönəldib. Ukraynanın müxtəlif şəhər və kəndləri bu terrordan əziyyət çəkir, Rusiya cəbhə xətti ərazilərini vurur”, - deyə Zelenski əlavə edib.

O vurğulayıb ki, çoxmilyonlu şəhər olan Xarkov genişmiqyaslı müharibənin ilk günlərindən hücuma məruz qalıb. Şəhərdə kritik infrastruktur dağıdılıb, yaşayış binaları hər gün hədəfə alınır.

Prezident tərəfdaşlarına müraciət edərək bildirib ki, bu dağıdıcı hücumların qarşısını müasir hava hücumundan müdafiə sistemləri vasitəsilə almaq olar. Xüsusilə Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemi Xarkovu Rusiya hücumlarından qoruya bilərdi.