1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Bu kəlamlar Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin, Azərbaycan əlifbasının dünyəviliyinə sayğının təzahürü idi.

Əlifbamız müxtəlif dövrlərdə müxtəlif siyasi təzyiqlərə məruz qalıb, həmişə hakim siyasətin istəyinə

görə dəyişdirilib. Yeni əlifbanın Azərbaycan dilinin səs sisteminə uyğun olub-olmadığına məhəl qoyulmayıb, yəni belə bir siyasət əyalətlərdə dilin inkişafına, bu baxımdan ədəbiyyatın inkişafına pərsəng olub. Təklif “yuxarılardan” gəldiyi üçün etiraz da edilməyib. Etiraz edənlərin səsi isə eşidilməyib, bu səslər müxtəlif vasitələrlə “boğulub”. Ərəb qrafikasından latın qrafikasına, kiril qrafikasına, kiril qrafikasının versiyasına keçidlər belə baş verib.

Dilçilərin, Azərbaycanı sevənlərin, alim ömrünü Azərbaycan üçün yaşayanların, Azərbaycanı sevən siyasətçilərin Azərbaycan dilinin fonetik sisteminə uyğun yeni əlifba yaratmaq istəyi də milli azadlıq hərəkatının tərkib hissələrindən biri olub.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıtdı. Azərbaycanda siyasi vəziyyət stabilləşdi, dinamik inkişaf təmin edildi, dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli müqavilələr imzalandı.

Azərbaycanın mədəni həyatında da olduqca gərəkli tədbirlər həyata keçirildi. Ulu Öndərin təklifi ilə Bakıda “Kitabi Dədə Qorqud” dastanlarının 1300 illiyi beynəlxalq səviyyədə böyük coşqu ilə, tarixə böyük sədaqətlə qeyd edildi. Mütəfəkkirlərin yubileyləri keçirildi. Belə tədbirlər indi də davam etdirilir.

Ulu Öndərin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi. Bu, tariximizə müqayisəyəgəlməz sayğının təzahürüdür. Hamımız bu günün işığının zərrəsi ilə cəmiyyətdə müəyyən mövqeyə çatırıq. Yəni 1 avqust hamımızın günüdür.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı