“İqlim dəyişikliyi və ISO standartları” kitabı nəşr edilib

İqlim dəyişikliyi son onilliklərdə dünyanın üzləşdiyi ən mürəkkəb və təhlükəli qlobal problemlərdən biridir. Bu proses Günəş aktivliyindəki təbii dəyişikliklərdən fərqli olaraq, hazırda planetimizdə müşahidə olunan, əsasən insan fəaliyyəti nəticəsində yaranan temperaturda və hava şəraitindəki uzunmüddətli dəyişmələri əhatə edir.

İqlim dəyişikliyi, dünyanın müxtəlif bölgələrində müxtəlif təsirlər göstərir. Bunlar arasında qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi, təbii fəlakətlər, ekosistemlərə olan təsir, biomüxtəlifliyin itiriləsi, su qıtlığı, qida təhlükəsizliyi və sairə kimi Yer kürəsinin ekoloji sistemində baş verən ciddimənfi dəyişiklikləri qeyd etmək olar.

İqlim dəyişikliyi təkcə ekoloji risk deyil, həm də təşkilatların fəaliyyət kontekstini, təchizat zəncirini, risk profilini və nəticədə məhsul/xidmətlərin keyfiyyətini birbaşa təhdid edən iqtisadi amildir.

İqlim dəyişikliyinin çoxşaxəli təsirlərini minimuma endirmək üçün adaptasiya tədbirlərinin sürətləndirilməsi və onun mənfi, dağıdıcı təsirlərinin azaldılması beynəlxalq idarəetmə standartların tətbiqi kritik əhəmiyyət daşıyır.

İqlim dəyişikliyi və onunla mübarizənin dünya, o cümlədən ölkəmiz üçün aktual məsələ olduğunu nəzərə alaraq “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “İqlim dəyişikliyi və ISO standartları” kitabı hazırlanıb. 

Kitabda iqlim dəyişikliyi, onun səbəbləri, qlobal təsirləri, iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq mexanizmlər, o cümlədən BMT və digər beynəlxalq və regional təşkilatların İQE-nin azaldılması istiqamətində həyata keçirdikləri strategiyalar, tədbirlər iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılmasında Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO-nun) standartlarının rolu, həmin standartların tətbiqinin faydaları, təşklilatlarda enerji effektivliyinin artırılması və iqlim dəyişikliyinə adaptasiya məsələləri, istixana qazlarının ölçülməsi, bununla bağlı hesabatın hazırlanması, təsdiqlənməsi və təqdim edilməsi üzrə dünyada mövcud olan yanaşmalar, həyata keçirilən metodologiyalar barədə oxuculara ətraflı məlumat verilir.