“15 dəqiqə ərzində mat və pat olacaqsınız”

“Əli Kərimli deyir ki, Prezidentlə görüşüm. Bütün dünyada hər kəs güclə, intellektlə, məntiqlə hesablaşır. Prezidentin bu sahə üzrə təyin etdiyi məmur var - Ədalət müəllim Vəliyev. Siz hələ görün intellektiniz, dünyagörüşünüz, savadınız onunla danışmağa bəs edirmi? 15 dəqiqə ərzində mat və pat olacaqsınız. Siyasət ərköyün uşaq deyil ki, nazına dözəsən. İndi intellekt və siyasi mədəniyyət zamanıdır”

Bu fikirləri parlamentin iclasında çıxışı zamanı deputat Razi Nurullayev səsləndirib. O, bu gün aparılan siyasətə şübhə ilə yanaşan bəzi müxalifətçi qüvvvələri, xüsusən Əli Kərimlini tənqid edərək bildirib ki, həmin qüvvələr Ermənistan lobbisinin fikirlərini təkrarlayırlar. “Ermənistan Azərbaycanın üzərinə düşüb ki, qondarma rejimə status verilsin, Zəngəzur dəhlizi olmasın. Ölkəmizdə də adını siyasətçi qoyan bəziləri elə tutub ki, Zəngəzur olmayacaq, Xankəndi bizim deyil, niyə dayandıq, niyə erməniləri tam qovmadıq. Bu fitnə ilə əvvəllər ancaq xaricdə rahat oturub özünü Herakl hesab edənlər məşğul idi. İndi Əli Kərimlinin və onunla eyni havanı çalanların sayı çoxalıb. Pafosla danışanların heç biri 27 sentyabrdan 28-nə çıxa bilməzdi. Kim ki deyir niyə dayandıq, nəinki kənd, şəhər, heç bir qarış torpaq ala bilməzdilər. Mingəçevir və Səngəçala raketlər düşsəydi, nə edəcəkdiniz? Bakıda minlərlə adamlar bomba uçqunlarının altında qalsaydı, onda da deyəcəkdilər gərək vaxtında dayanaydınız. Paşinyanla sizin düşüncəniz arasında fərq yoxdur. Düşüncələriniz 90-cı illərin əvvəllərindən bu günə qədər dəyişməyib. Siz bir həftə hakimiyyətdə olsanız, and içirəm ki, Qarabağı birdəfəlik itirərik, üstəlik, müstəqilliyi də”,- deyə deputat bildirib.