16 avqust tarixi Kəlbəcərin daş salnaməsinə yazıldı

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalıdan azad olunması təkcə müasir tariximizin deyil, Azərbaycan tarixinin müqayisəolunmaz, şərəfli səhifəsidir.
44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbə ölkəmizin və xalqımızın həyatında yeni mərhələnin başlanğıcı oldu. Yeni mərhələ işğaldan azad olunmuş rayonlarımızın bərpası və 30 ildir yurd nisgili yaşayan həmvətənlərimizin doğma torpaqlara qayıtmasını təmin etməklə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin biirinci xanımı Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri bu mənada əhəmiyyətli dərəcədə unudulmaz tarixi səfər oldu.
Səmimi qeyd etmək istəyirəm ki, kəlbəcərlilər bu səfəri çoxdan gözləyirdilər. Səfərə bir neçə aydır hazırlıq getdiyi üçün kəlbəcərlilər onun nə zaman reallaşacağını səbirsizliklə izləyirdilər...
Nəhayət, gözlənilən gün yetişdi. Azərbaycanın rəhbəri Kəlbəcərə ayaq basdı. Bu məqamı ona görə xüsusi vurğu ilə qeyd edirəm ki, İlham Əliyev müasir tariximizdə Kəlbəcərə gələn tək dövlət başçısıdır. Bu məqam təbii ki, həm cənab Prezidentin tərcümeyi- halında, həm də, Kəlbəcərin tarixində qızıl həfrlərlə yazılacaq.
Ölkə başçısının Kəlbəcərə səfəri bir neçə aspektdən əlamətdar idi.
Birincisi, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Onun sosial, iqtisadi potensialı, təbii qaynaqları ölkəmizin gücünə güc qatacaq. Cənab Prezidentin bu imkanlarla yerində, əyani şəkildə tanış olması, bölgədə aparılan infrastruktur işlərini sürətləndirəcək, bölgə ilə bağlı yeni planları üzə çıxaracaq.
İkincisi, Kəlbəcər yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malikdir. Bu ərazidə ordumuzun yerləşməsi, ən ucqar mövqelərə yol, işıq çəkilməsi ölkəmizin sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident səfəri zamanı bu istiqamətdə tapşırıqlarını verib.
Digər tərəfdən, məlumdur ki, son dövrlər Ermənistanın atəşkəsi intensiv şəkildə pozduğu istiqamətlərdən biri Kəlbəcərdir. Hətta, İlham Əliyev Kəlbəcərdə olduğu gün belə o istiqamətdə düşmən mövqelərimizi atəşə tutmuşdu. Ali Baş Komandanın hazırda gərginliyin yaşandığı bölgəyə getməsi, orada hərbi və mülki yönümlü işlərlə bağlı tapşırıqlar verməsi ərazidə xidmət edən hərbçilərimizə mənəvi dəstək, Ermənistana və onun havadarlarına isə bir mesaj idi.
Cənab Prezident Kəlbəcərdəki çıxışında da bu məqamları xüsusi vurğulayaraq dedi: “Ermənilərin mifi ondan ibarət idi ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Biz bu mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir. Növbəti mif isə o idi ki, azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar, onlar bu vəziyyətlə barışıblar və əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. Bu mifi də biz dağıtdıq. Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik.
Növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər...”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan fərarilər ordusunun başını əzərək öz torpaqlarına sahibliyini təmin etdi və ona görə bu gün Azərbaycan Prezidenti Kəlbəcərdədir. Artıq,16 avqust 2021-ci il tarixi Kəlbəcərin daş salnaməsi kimi yazıldı.
Bu düşüncə ilə bir daha Cənab Prezidentin Kəlbəcərdə söylədiyi fikirləri təkrarlamaq istəyirəm: “Biz bu gün Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.

Aqil Məmmədov,
millət vəkili