"20 Yanvar faciəsi ​XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktlarındandır"

"1990-cı ildə, yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsinin törədilməsinin əsas məqsədi istiqlaliyyət, azadlıq, suverenlik istəyən Azərbaycan xalqının iradəsini qırmaq və yenidən özünə tabe etmək olub".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə deyib.

Deputat vurğulayıb ki, 32-ci ildönümünü qeyd edəcəyimiz 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, həm də ​XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasındadır:

"1990-cı ildə, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilməsi nəticəsində Bakı şəhərində və Azərbaycanın rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, həmçinin yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri var idi.

Xalqımıza qarşı törədilən bu cinayət bəşəriyyət və insanlıq əleyhinə olan dəhşətli əməldir. Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi.

Bakıda olmamasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, bu vəhşiliyə rəhbərlik edənləri ifşa etdi və faciəni törədənləri, xüsusilə də Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Ümummilli lider Heydər Əliyevin 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət oldu. Bu bəyanat həm də Ulu Öndər Heydər Əliyevin dövlətinə və xalqına bağlı lider olduğunun göstəricisi idi.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda önəmli addımlar atıldı.

Belə ki, "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 29 mart 1994-cü il tarixində "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu Öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub.

Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilib".

Deputat qeyd edib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin nümayişi oldu:

"Bu il xalqımız 20 Yanvar hadisələrinin 32-ci ildönümünü qeyd edəcək. 32 ildə xalqımız müstəqilliyimiz uğrunda canlarını, sağlamlıqlarını düşünmədən qurban verən igid övladlarının fədakarlığını hüzn və böyük bir rəğbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.

Allah şəhidlərimizə rəhmət etsin".