26 Avqust – Laçın şəhəri günüdür

Azərbaycanın tarixi və mədəni irsində xüsusi yeri olan Laçın şəhəri günü hər il 26 avqust tarixində qeyd olunur. Bu tarix Laçının strateji mövqeyi, tarixi keçmişi, mədəni dəyərləri və işğaldan azad olunaraq yenidən dirçəlməsi ilə əlaqədar xalqımız üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən üç il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Laçın Qarabağ bölgəsinin qapısı hesab olunur. “Laçın dəhlizi” uzun illər boyu həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyıb. Şəhərin yerləşdiyi ərazi qədim zamanlardan etibarən Azərbaycan torpaqlarının müdafiəsində önəmli rol oynayıb. Zəngin təbiəti, füsunkar dağları, mineral suları və yaşıllıqları Laçını ölkəmizin ən gözəl guşələrindən birinə çevirib.

Eyni zamanda, Laçın Azərbaycan xalqının mədəni həyatında da mühüm iz qoyub. Buradan çıxan şairlər, aşıqlar, sənətkarlar xalqımızın ədəbi-bədii irsinin formalaşmasına böyük töhfə veriblər. Aşıq sənətinin inkişafında Laçının rolu xüsusi vurğulanmalıdır.

1992-ci ilin may ayında Laçın şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Minlərlə sakin doğma torpaqlarından didərgin düşdü. Lakin Azərbaycan xalqı heç vaxt Laçının işğalını qəbul etmədi, daim onun azad ediləcəyinə inandı. Bu inam 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərlə gerçək oldu.

 2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.

Bu gün Laçında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin xüsusi diqqəti nəticəsində şəhərdə müasir yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları inşa olunur. Artıq ilk sakinlərin doğma yurdlarına qayıdışı təmin edilib. Laçın yenidən Azərbaycan həyatına qovuşur, öz qədim siması qorunaraq müasir inkişaf yoluna qədəm qoyur.

26 avqust – Laçın şəhəri günü Azərbaycan xalqının qürur və sevinc günüdür. Bu tarix bir daha göstərir ki, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası dövlətimizin gücü və xalqımızın birliyi sayəsində mümkün olub. Bu gün həm də Laçının azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla yad etmə günüdür.

Laçın şəhərinin dirçəlməsi Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın iradəsini və sarsılmaz vətən sevgisini təcəssüm etdirir. 26 avqust yalnız bir tarix deyil, həm də milli qürurumuzun və birliyimizin rəmzidir.

Əminə Ağazadə

Milli Məclisin deputatı