7 fevral seçkiləri ölkədə siyasi sistemin daha da güclənməsini təmin edəcək

Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlardan biri də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etməsi oldu. Növbədənkənar Prezident seçkilərilə bağlı verilən qərar da bu reallıqların nəticəsidir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək.
Məlumdur ki, 5 il əvvəl - 2018- ci ildə  keçirilən Prezident seçkilərindən sonra cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialı vahid məqsəd uğrunda səfərbər edildi. Prezident seçildikdən cəmi iki il sonra  - 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin  tam bərpası prosesini tamamladı. 
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri  artıq Zəfər seçkisi kimi tarixə düşəcək. Azərbaycan bayrağının dalğalandığı hər yerdə - Xankəndi və Şuşa başda olmaqla işğaldan azad olunmuş bütün ərazilərimizdə seçki məntəqələri yaradılacaq və 20 min insanın səsverməsi təmin olunacaq.
Azərbaycan Respublikasının Seçki Məcəlləsi də növbədənkənar Prezident seçkilərinin keçirilməsinə imkan verir. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Bu da  namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şəraitin təmin edilməsi deməkdir.
Növbədənkənar seçkilərə gəlincə, bu, bütün dünyada qəbul olunmuş təcrübədir. Üstəlik, ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi tamamlandıqdan sonra növbədənkənar seçki barədə qərar qəbul edildi. Yəni, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin olunmasının bariz nümunəsidir. Bu mənada Azərbaycanın növbədənkənar prezident seçkiləri təcrübəsini uğurla həyata keçirəcəyini əminliklə söyləmək olar.