ABŞ və BMT Türkiyəyə təşəkkür etdi

ABŞ və Birləşmiş Millətlər Təşkilatı (BMT) taxıl sazişinin bərpası üzrə vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır.

Sabahinfo.az xəbər verir ki, bunu ABŞ-nin Dövlət Departamentindən bildiriblər.

"Rusiyanı taxıl sazişini bərpa etməyə çağırırıq. Həyati əhəmiyyətli taxıl təşəbbüsünə vasitəçilik səylərinə görə ABŞ və BMT Türkiyəyə minnətdardır", - açıqlamada deyilir.

Qeyd edək ki, sentyabrın 4-də Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. İki ölkə lideri arasında keçirilən geniştərkibli görüşdə tərəflər ikitərəfli gündəlikdə duran məsələlərlə yanaşı, taxıl sazişinin bərpası mövzusunu da müzakirə ediblər.

Vladimir Putin bildirib ki, Rusiya taxıl sazişinin bərpası barədə yalnız ölkənin kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər.

Türkiyə mediasının yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də təmaslarından sonra iki ölkə lideri təkrar görüşə bilər.