Adil Əliyev Salyanda

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev oktyabrın 6-da şəhidlərimizin anım tədbirlərində iştirak etmək üçün Salyan rayonunda olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə sədr müavini Adil Əliyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Milli Məclisin Salyan rayonundan olan deputatı Jalə Əhmədova ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Rayonun bir sıra rəsmi şəxsləri və ağsaqqalları ilə birgə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ilə görüşən Milli Məclisin sədrinin müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilərək, ərazi bütövlüyümüzün təmin olunduğunu bildirib. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 il davam edən işğalına cəmi 44 gün müddətində son qoyulduğunu, qazanılmış tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğumuzu deyib.

Adil Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının ən yüksək səviyyədə olduğunu vurğulayıb.

O, dövlətimizin başçısının bu yaxınlarda Suqovuşan qəsəbəsinə və Cəbrayıl rayonuna səfərləri zamanı işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq və quruculuq işləri ilə yaxından maraqlandığını deyərək, Qarabağımıza yeni nəfəs gəldiyini qeyd edib.

Sonra çıxış edən Jalə Əhmədova 2020-ci ilin tariximizə qələbə ili olaraq yazıldığını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun ərazi bütövlüyümüzü tam bərpa etdiyini bildirib. O, xalqımızın qəhrəman övladlarının bu müqəddəs amal uğrunda cəsarətlə döyüşdüyünü, bu yolda öz canlarını düşünmədən qurban verdiyini deyib.

Digər çıxış edənlər şəhidlərimizin döyüş yolundan danışıb, onların qanı, canı bahasına qazanılan Qələbənin ölkəmiz üçün ən əlamətdar tarixi hadisələrdən biri olduğunu vurğulayıblar.

Anım mərasimində şəhidlərimizin ruhuna dualar oxunub. Bildirilib ki, xalqımız dövlətimizin başçısının ətrafında hər zaman yumruq kimi birləşib.

Tədbirin sonunda “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.