Adını ölkə və dünya hərb tarixinə həkk etmiş müzəffər Sərkərdə

Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk inauqurasiya mərasimində "Mən hər bir azərbaycanlının prezidenti olacağam" ifadəsini əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.

Dövlətimizin başçısının son 18 ildə fəaliyyətinin əsasında dövlətə, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək amalı dayandı. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciətində həm Prezident İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcəyinə əminliyini ifadə etdi. Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda onların çox işlər görəcəklərini diqqətə çatdıran Ulu Öndər vurğuladı: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib etmişdir. Əldə olunan möhtəşəm uğurlar Prezident İlham Əliyevin, ilk növbədə, ölkədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönələn siyasi kursunun, müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyasının Cənubi Qafqaz məkanında iqtisadi qüdrətinə görə öndə olan Azərbaycanın perspektiv strateji hədəflərinə nail olması və inkişaf etmiş güclü dövlətlər sırasında yer alması üçün də alternativsiz olduğunu təsdiq edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, dövlətin və xalqın gələcək rifahını etibarlı təmin etmək üçün yüksək elm və təhsilə yiyələnmək ən vacib məsələlərdəndir. Həmçinin ən yeni nəsil informasiya və kompüter texnologiyalarının müxtəlif fəaliyyət sahələrində geniş tətbiqi, insan kapitalının formalaşdırılması müasir inkişafın mərkəzi sütununu təşkil edir. Prezident İlham Əliyev ölkəmizin texnoloji asılılığının aradan qaldırılmasını, dünya iqtisadi inteqrasiya prosesində daha fəal iştirak etməyi, elmi-texniki nailiyyətlərdən daha səmərəli və geniş istifadə etməyi fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Müasir dünyamızda sürətlə ən məhdud resursa çevrilən siyasi sabitliyin Azərbaycanda etibarlı təmin olunmasını dövlətimizin başçısının yaradıcı və təkmilləşdirici lider kimi fəaliyyətinin ən böyük uğurlarından biridir. “Ötən dövr ərzində Azərbaycan iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi. 2003-cü ildən bəri qeyri-neft sektorunun inkişafının, enerji sektorundan asılılığın minimuma endirilməsinin prioritetliyi önə çəkilərək bu istiqamətdə mühüm addımlar atıldı. Qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensialdan maksimum istifadə etmək məqsədilə regional inkişaf proqramları qəbul olunub və uğurla icra edilir”, - deyə deputat əlavə edib.

A.Məmmədov diqqətə çatdırıb ki, iqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Bunu şərtləndirən əsas amillərdən biri sözügedən inkişafı təmin edən mükəmməl xarakterli bazanın formalaşdırılması, onun bütün əsas sahələri, o cümlədən sosial-iqtisadi dəstək paketini özündə ehtiva etməsidir. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət son iki ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb. Məhz bunlara görə Prezident İlham Əliyev XXI əsrdə Azərbaycanı yüksək inkişaf etmiş müstəqil dövlətlər sırasına çıxarmağa tam qadir olan əsl Liderdir. Bununla da Ulu Öndərin sovet dövründə Azərbaycanı ölkə kimi, XX əsrin 90-cı illərində isə respublikamızı müstəqil dövlət kimi xilas etməsi prosesi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla və qətiyyətlə həyata keçirilib. Bu tarixi mərhələdə Prezident İlham Əliyev işğalçı Ermənistan üzərində savaşı qazanaraq sübut etdi ki, Azərbaycan nəinki müstəqil dövlət kimi inkişaf etməyə qadirdir, o, həm də regionun aparıcı dövləti və qalib lideri olmaq qüdrətindədir.

“Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Prezident İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər Günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli Lider kimi qəbul olunur. Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Beləliklə, uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Ən əsası isə Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Münaqişə keçmişdə qaldı və Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Bu xüsusda Prezident İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi ba¬xımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırış etdi”, - deyən deputat vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, Ordumu¬zun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi nəticəsində Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər oldu. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilən dövlətimizin başçısına xalqın inamından irəli gəldi. Çünki Azərbaycan xalqı artıq 18 ildir ki, Prezident İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Azərbaycan güclü siyasətçi və lider Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük sabahlara doğru inamla addımlamaqda davam edir.