Agentliyin dəstəyilə Qubada xalçaçılığın təbliğinə başlanılır

"Xalça Dünyası Assosiasiyası" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xalçaçılığın təbliği, milli sərvətimizin qorunması” mövzusunda təlimlərin təşkili layihəsinin icrasına başlayıb.

3 ay ərzində Quba rayonunda icra olunacaq layihə çərçivəsində qədim xalçaçılıq peşəsinə marağı və həvəsi olan 10 xanıma təlimlər keçiriləcək.

Layihənin məqsədi Azərbaycan xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafına, eyni zamanda xalçaçılıq sənətinin iqtisadi cəhətdən gəlir mənbəyi kimi tanıdılmasına dəstək olmaqdır.

Layihənin vəzifəsi regionun ucqar ərazilərində xalçaçılıq potensialının artırılması və xalçaçılıq sahəsində ixtisaslı kadr hazırlığının həyata keçirilməsidir. Eyni zamanda, bu sənətə yiyələnmək istəyənlər üçün təşkil edilən təlimlərdə Azərbaycanın qədim xalçaçılıq mərkəzlərinə xas olan qədim çeşnilərin təbliği, istehsalatda tətbiqi, yeni çeşnilərin hazırlanması və bu çeşnilər əsasında xalçaların toxunması layihə heyətinin qarşısındakı vəzifələrdəndir.