“Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu regionun gələcəyini dəyişəcək bir tarix yazdı”

“Bu gün ölkəmizdə şəhid ailələrinin, müharibə qazilərinin və iştirakçılarının sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. İlk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin mühüm prioritetlərindən biridir.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili qeyd edib ki, ölkəmizdə müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir: “İlk növbədə qeyd etmək lazımdır ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir. Həmçinin artıq neçə illərdir ki, ölkəmizdə şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin mənzil və avtomobillərlə təminatı prosesi də yüksək göstəricilərlə müşayiət olunur. O cümlədən 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına daha 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bundan başqa son 7 ayda şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib. Bütün bunlar Azərbaycanda həyata keçirilən Dövlət siyasətinin sosial yönümlüyünü bir daha təsdiq edir.”

Həmçinin Aqiyə Naxçıvanlı öz açıqlamasında Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində Azərbaycan xalqının öz ali arzusuna çatdığını vurğulayaraq bunları deyib: “Bu gün artıq bütün dünya bilir ki, “Dağlıq Qarabağ” münaqişəsi sözün əsil mənasında qondarma, uydurma bir problem idi. Bu problem ermənilərin və onların havadarlarının 1828-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətin bir təzahürü idi. Düz 200 ilə yaxın idi ki, geosiyasi güclər erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirməkdə, ermənilər isə fantastik “dənizdən-dənizə” ideologiyalarını reallaşdırmaqla məşğul idilər. Məhz bu ideologiyanın təsiri altında 1923-cü il iyulun 7-də Sovet imperiyası rəhbərliyinin təkidilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bunda da əsas məqsəd nə vaxtsa Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana qatılmasına zəmin yaratmaq idi. 1940-1950-ci illərdə Ermənistan ərazisindən – qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası da bu məqsədə xidmət edirdi. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq isə erməni separatçıları bu istiqamətdə aktiv fəaliyyətə başladılar. Torpaqlarımızın işğalı isə 90-cı illərin əvvəllərinə təsadüf etdi. Bu da səbəbsiz deyildi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsi ermənilər tərəfindən tarixi fürsət kimi dəyərləndirildi. Çünki artıq ondan sonra Azərbaycan hakimiyyətində olanlar öz vəzifə borclarını yerinə yetirə bilmədilər. Beləliklə də torpaqlarımız işğal altına düşdü. Bu işğal 30 ilə yaxın müddət davam etdi. Lakin Azərbaycan bu vəziyyətlə barışmadı. Danışıqlar prosesinin davam etdiyi dördə Azərbaycan Prezidenti cənab İlham Əliyev hər dəfə deyirdi ki, biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun qaytaracağıq. Belə də oldu. Nəhayət işğala son qoyuldu. Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuz regionun siyasi xəritəsini və gələcək proseslərin istiqamətini dəyişəcək bir tarix yazdı. 44 gün davam edən Vətən müharibəsinin nəticəsində 300-dən çox şəhər, kənd, qəsəbə döyüş meydanında işğalçılardan azad olundu. Ordumuz işğalçıları məcbur etdi ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar. Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz bizə qaytarılması böyük tarixi nailiyyət oldu. Azərbaycan yeddi rayon ilə yanaşı Şuşa şəhərini, Hadrutu, Xocavənd rayonunun 60 faizini, həmçinin Suqovuşan qəsəbəsini azad etdi. Bu gün artıq Azərbaycan İstər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində hakim strateji nöqtələrə malikdir.”

Daha sonra Aqiyə Naxçıvanlı qeyd edib ki, Azərbaycan istər hərbi əməliyyatların davam etdiyi vaxtda, istərsə də postmüharibə dövründə özünün humanist və məsuliyyətli ölkə olduğunu sübut edib. Ermənistan isə, bunun tam əksinə olaraq, vəhşiliyi və qəddarlığı təbliğ edən hərbi cinayətkarlar tərəfindən idarə olunduğunu dəfələrlə nümayiş etdirib: “Təkcə azad edilmiş torpaqlarda bu günə qədər davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılmışdır. Azərbaycan burada da humanistlik göstərir, həmin cəsədləri qarşı tərəfə təhvil verir. Halbuki, hələ Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız oldu ki, ermənilər onların nəşini bizə qaytarmadılar. Əlbəttə ki, rəsmi İrəvan bu gün hərbi cinayətkarlardan ibarət bir dəstə ilə təmsil olunur. Amma bu, heç də yeni hal deyil. Tarix boyu Ermənistan Cənubi Qafqazda olan münaqişələrin birmənalı səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Bu gün Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilir. Belə ki, Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın təhlilləri aparılır. Hər bir fakt sənədləşdiriləcək və buna uyğun olaraq zəruri addımlar atılacaqdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən müharibə dövründə çoxsaylı humanitar hüquq normalarının kobud şəkildə pozulması halları baş verib. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadədə ermənilərin beynəlxalq konvensiyaların tələblərini pozması deməkdir. Düşmən açıq şəkildə bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirərək beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin uzun illər ərzində Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Şuşada qanunsuz məskunlaşma gedirdi. Bu da hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yumanlar da məsuliyyət daşıyırlar. Möhtərəm Prezidentimizin öz çıxışında dediyi kimi, artıq bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Ermənistan rəhbərliyi bütün müsəlman aləmini təhqir edib. Qəbirləri dağıdan da, qəbir daşlarının üzünü silərək satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir, evlərimizi kərpic-kərpic söküb öz daxmasına daşıyan da ermənidir. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır və onların məsuliyyətə cəlb edilməsi prosesi hökmən baş tutacaqdır.”