AMEA-nın vitse-prezidenti şöbələrin ləğv olunması məsələsinə aydınlıq gətirdi

Tarix İnstitutunda aparılan struktur islahatları otaq çatışmazlığı ilə əlaqədar deyil.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Tarix İnstitutuna yeni təyin olunan direktor Kərim Şükürov bu elm müəssisəsində struktur islahatları aparır: “Aparılması təklfi olunan struktur islahatları otaq çatışmazlığı ilə əlaqədar deyil. Bu islahatlar Tarix İnstitutunun elmin müasir tələblər səviyyəsində qurulması və ölkə rəhbərliyinin tarix elmi qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədini güdür. K.Şükürovun apardığı islahatlarla tanışam. Bu islahatlar institutun daha çevik, mobil, eyni zamanda tarix elminin aktual problemini həll etməyə imkan verən islahatlardır”.

İ.Həbibbəyli qeyd edib ki, institutda ixtisar edilməsi təklif edilən şöbələrin fəaliyyəti bir-birini təkrarlayırdı. Onların funksiyası yeni yaradılan şöbələrdə olması daha münasibdir.

Akademik islahatlarla bağlı ciddi narazılığa əsas olmadığını da söyləyib.