Anar Rzayev TIR-la yolu bağlayan şəxs haqqında: “Həmin sahibkarla özüm görüşmüşəm”

“Bu gün müzakirə etdiyimiz mövzu bir daşıyıcının narazılığıdır. Bu narazılığı ictimailəşdirməzdən qabaq da onun etirazları dinlənilmişdi. Kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz”.

Sabahinfo.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İdarə Heyətinin sədri Anar Rzayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında yayılan söz-söhbətlərə aydınlıq gətirərkən deyib.

O bildirib ki, həmin sahibkarla şəxsən özü də görüşüb:

“Mən onunla görüşdüyüm kimi digər sahibkarlarla da görüşmüşəm, izahatlar vermişəm. Onlara bölgü sisteminin necə olacağı ilə bağlı məlumat vermişik. Bunun çox təfərrüatına getmək istəmirəm. Belə deyim ki, defisit olan icazələri, mövcud olan yüklənmiş yükün qarşısında verək. Yəni, gömrük tərəfindən rəsmiləşdirilmiş sənədi təqdim edən nəqliyyat vasitəsinin həmin dəqiqə nömrəsi yazılır və icazəsi verilir. Hazırda da icazələr bu formada həyata keçirilir. Biz daşıyıcıları da məlumatlandırırıq.

Digər bölgü üsulu bazar payına uyğun olaraq həyata keçirilir. Böyük və kiçik daşıyıcılar var. Aydın məsələdir ki, böyük daşıyıcıların payı nisbətən daha böyük olmalıdır. Söhbət burada faizdən gedir, saydan yox. Bu mexanizm qurulub, daşıyıcılar da bundan razıdır. Hər kəs də bu icazələrdən istəyir. Amma hamı bilir ki, bu icazələr hər kəsə müəyyən bir pay kimi çatmalıdır. Elə bir şey yoxdur ki, kiməsə heç nə çatmasın, kiməsə çox çatsın. Hər kəs də bununla razılaşır və öz payını götürür. Bu daşıyıcıya da eyni qaydada pay verilib, mən şəxsən oktyabr ayında daşıyıcı ilə görüşüb, izah etmişəm. Daşıyıcı tərəfindən həmin vaxt bizə təqdim edilən sənədlərin tam reallığı əks etdirməməsi aşkarlanıb. Bir neçə ay davam edən müzakirələrdən sonra nəhayət daşıyıcı razılaşdı ki, sənədlər tam reallığı əks etdirmir. Ona da izah verildi. Bildiyim qədər bu daşıyıcının 30-a yaxın avtomobili var. Kiçik bir daşıyıcının payını 150-200 maşını olan böyük daşıyıcının payından çox etmək ədalətli olmaz. Daha çox pay istəyir, amma biz bu payı ona vermək üçün digər daşıyıcıların payından götürməliyik. Bu halda ədalətli bölgü pozulur, bu isə digər daşıyıcıların ciddi narazılığına səbəb ola bilər”.