Andın mübarək olsun

Əziz dostlar, dəyərli həmvətənlər!
Andın mübarək olsun, #Vətən deyərək yazıma başlamaq istəyirəm.

Dünən Azərbaycan daha bir möhtəşəm tarixi hadisəyə şahidlik etdi. 7 fevral növbədənkənar prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq qalib gəlmiş Prezident İlham Əliyevin andiçmə mərasimində məzmunlu çıxışı geniş ictimai marağa səbəb oldu.

Prezident nitqində önəmli mesajlar səsləndirməklə Azərbaycanın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini qətiyyətlə vurğuladı. Bədxahlara, ölkəmizin uğurlarından narahat olanlara isə ciddi xəbərdarlıqlar göndərdi - Azərbaycanın haqq işinə haram qatmaq istəyən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkum olacaq.
Xalqın böyük etimadını qazanmış İlham Əliyevin Prezident səlahiyyətlərinin icrasına başlaması ilə Azərbaycan inkişafın yeni dövrünə, mərhələsinə qədəm qoydu.

7 fevral seçkilərində fəallıqla məntəqələrə axışan seçicilərin xalqın Zəfər namizədini dəstəkləməsi, böyük səs çoxluğu ilə onu seçməsi, əslində təkcə Prezident İlham Əliyevin deyil, eyni zamanda xalqın qələbəsi idi! Xalq heç vaxt seçimində yanılmır, 20 il bundan öncə yanılmadığı kimi. Prezident İlham Əliyevin yenidən seçkilərdə qalib gəlməsinin əsasında onun rəhbərliyi altında Azərbaycanın son 20 ildə dinamik inkişaf dövrünü yaşaması, strateji məqsədlərə tam nail olunması kimi ciddi amillər dayanırdı. Azərbaycan liderinin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq və firavan həyatını təmin etmək üçün verdiyi bütün vədləri yerinə yetirməsi cənab Əliyevə ümumxalq dəstəyini daha da gücləndirdi. Seçicilərin 92,12 faizi İlham Əliyevi dəstəkləməklə Azərbaycanın növbəti uğurlarına təminat sənədi almış oldular.

Sirr deyil ki, bu gün Azərbaycan yeni obrazda dünyanın siyasi xəritəsində öz yerini tutur. Məhz cənab İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan bir sıra qabaqcıl ölkələrin keçdiyi inkişaf mərhələsini 20 ildə sürətlə qət etməyi bacarıb. Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi dünya birliyində öz mövqelərini daha da möhkəmləndirib. Beynəlxalq aləmdə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa, geostrateji maraqların həyata keçirilməsinə, terrorizmə qarşı mübarizəyə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşamasına yönəlmiş uzaqgörən xarici və daxili siyasət həyata keçirilib. Ən əsası, otuz il Cənubi Qafqaz regionunu “barıt çəlləyi”nə döndərmiş Qarabağ münaqişəsi məhz Prezident İlham Əliyevin hərbi, siyasi iradəsi ilə həll olunub, ərazi bütövlüyümüz tam bərpa edilib, azad edilmiş ərazilərimizə həyat yenidən qayıdıb.

İndi Azərbaycan yeni dövrə qədəm qoyur. Cənab İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, xalqımız bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. 

Prezident nitqində bu dövrün böyük nailiyyətləri olacağının anonsunu da verməyi unutmadı. Qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Bu amil qarşıdakı illərdə də uğurların əldə edilməsinə imkan yaradacaq.

Əlbəttə, indi Cənubi Qafqaz regionu yeni reallıqlar şəratində inkişaf edir və rəsmi Bakı da bu reallığın məntiqinə uyğun siyasət yürüdür. Azərbaycan bir tərəfdən azad olunmuş ərazilərdə erməni vandalizminin izlərini silir, digər tərəfdən Ermənistana düşmənçilik səhifəsini bağlayıb normal qonşuluq münasibətlərinin yaradılmasını təklif edir. Lakin son hadisələr onu göstərir ki, postmüharibə sancıları davam edən Ermənistan ona uzadılmış əməkdaşlıq və barış əlini sıxmağa tələsmir, marionet ölkə olaraq kənar qüvvələrin diktəsilə ilə sülh gündəmini pozmağa çalışır. 

Prezident İlham Əliyev andiçmə mərasimində bu məqama xüsusi ilə toxunaraq İrəvana və onun havadarlarına sərt və aydın mesajlar göndərməyi də unutmadı və Azərbaycanla Ermənistan arasında vasitəçiliyə lüzum olmadığını bəyan etdi. 
Ölkəmizin başçısı nitqində ordu quruculuğu və xarici siyasət məsələlərinə də toxunaraq növbəti illərdə də bu prosesin davam etdiriləcəyini bildirdi. Azərbaycanda çox güclü hərbi sənaye kompleksinin yaradıldığını vurğulayan Prezident İlham Əliyev nitqində bu sahədə ikinci, daha genişmiqyaslı mərhələnin başlanacağının anonsunu verdi. Bu isə o deməkdir ki, Azərbaycan bundan sonra da regionun ən güclü dövləti olaraq qalacaq və milli maraqlarının müdafiəsini daha yüksək səviyyədə təmin edəcək.

Beləliklə, xalqımız növbəti yeddi il üçün  uğurun, xoşbəxt həyatımızın təminatçısının sədaqət andına şahidlik etdi. 20 illik fəaliyyəti dövründə bütün vədlərinə sadiq qalaraq xalqın maraqlarının, Azərbaycanın  keşiyində duran Prezident İlham Əliyev qalib lider kimi parlamentdə çıxış edirdi, görülən və görüləcək işlərin hesabatını verirdi. Prezident tam haqlı danışırdı və xalqın fenomeninə çevrilməsinin də əsas səbəbi hər zaman dürüst və səmimi olması idi. Məhz bunun nəticəsi olaraq bu gün Prezident İlham Əliyevin adı və imzası ümumxalq andına, hər birimiz üçün sevgi ünvanına çevrilib. 7 fevral seçkiləri bunun bir daha sübutu oldu.

Növbəti uğurlarla yol yoldaşıyıq. Yolumuz, hədəfimiz daha qüdrətli Azərbaycan! Andın bir daha mübarək olsun, Vətən!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru