Aqiyə Naxçıvanlı: “Ali Baş Komandan hər bir şəhidimizin ehtiramını uca tutur”

“27 sentyabr tarixi erməni təxribatlarına birdəfəlik son qoyulması, Vətən torpaqlarının işğaldan azad edilməsi, Cənubi Qafqazın erməni faşizminin təhdidindən xilas edilməsi, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunması barədə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi qərarın qəbul edildiyi gündür. 2020-ci ilin məhz bu günü, sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Bu qərar əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib. Millət vəkili bildirib ki, Azərbaycan əsgəri bütün təxribatlara baxmayaraq Vətən müharibəsində şərəflə döyüşüb, düşməndən fərqli olaraq heç bir hərbi cinayətə yol verməyib: “Azərbaycan ordusu Vətən müharibəsində tarixi Qələbəmizi canları bahasına təmin edən şəhidlərimizin də, xaincəsinə qətlə yetirilmiş dinc mülki vətəndaşlarımızın da qanını yerdə qoymadı. Onların qisası alındı. Lakin bu, döyüş meydanında baş verdi. Azərbaycan əsgəri hərbi cinayətlər törətmədi, mülki vətəndaşlara güllə atmadı, dinc şəhərləri artilleriya-raket atəşinə tutmadı. Ermənistan isə əli qanlı hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni cinayətlərinin şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması neofaşizmin, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Lakin bizim digər şəhər və kəndlərimiz də müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Bu gün də düşmənin xisləti dəyişmir. Belə ki, mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın törətdiyi hərbi cinayətlərin davamıdır. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, bu gün Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi.”

Daha sonra Aqiyə Naxçıvanlı bəzi dünya güclərinin hələ də ermənilərə havadarlıq etmələrinin və bu əsasda Ermənistanda revanşizm əhval-ruhiyyəsinin bəslənməsinin təhlükəli tendensiya olduğunu qeyd edərək bunları deyib: “Azərbaycan son 30 il ərzində bütün dünyada olan ermənipərəst qüvvələrin səylərilə beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalmışdı. Nəticə etibarı ilə ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxılmadı. Bu hal deməyə əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrasın bütün bu illər ərzində təmin olunmaması da bunu sübut edir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər. Məhz belə bir vəziyyətdə olmamaq üçün də Azərbaycan öz hərbi qüdrətini bundan sonra da artırmalıdır. Birmənalı olaraq demək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edilib. Vətən müharibəsinə qədər davam edən dövr ərzində Azərbaycan Prezidenti daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi. Az qala bütün dünya deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Hətta beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni, hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirdi, mövcud münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Sonda Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə sayəsində Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Bununla belə nəzərə almaq lazımdır ki, , bu cür tendensiyalar Ermənistan dövlətçiliyinin sonunu gətirib çıxara bilər. Bu gün erməni faşizmi məhv edilsə də onun təzahürləri hələ də görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır və ilk növbədə Ermənistan dövlətinin özü üçün. Revanşizm yolverilməzdir və əgər erməni faşizmi baş qaldırmağa bir də cəhd göstərərsə, Azərbaycanın dəmir yumruğu onun başını heç bir tərəddüd etmədən bir daha əzəcək. Bunu hər kəs bilməlidir.”

Aqiyə Naxçıvanlı hər bir şəhidimizin bizim üçün böyük itki olduğunu, eyni zamanda da Azərbaycanın öz qəhrəman övladları ilə tarix boyu qürur duyacağını vurğulayıb: “Verdiyimiz hər bir şəhid bizim üçün ağır itkidir. Lakin bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz daim ürəklərimizdə yaşayacaq, Azərbaycan xalqının qürur mənbəyi kimi tarixdə qalacaqlar.Azərbaycan dövləti Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir.

2020-ci il dekabrın 2-də möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Dünən Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edildi. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində dövlətimizin başçısı iştirak etdi. Bütün bunlar o deməkdir ki, biz şəhidlərimizi öz qəlbimizdə əbədi yaşadacaq, onların ehtiramını hər zaman uca tutacağıq.”