Aqiyə Naxçıvanlı: “Azərbaycanın xarici siyasət kursu qlobal hədəflərə malikdir”

“Ölkəmizdə həyata keçirilən xarici siyasət kursunun mühüm istiqamətlərindən biri də Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsidir. O cümlədən Azərbaycan Konqo Respublikası ilə münasibətlərinin istər BMT və ya Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli formatda inkişafını hər zaman diqqət mərkəzində saxlayır. Bu baxımdan aprelin 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana etdiyi rəsmi səfər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfə olacaq. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasibətlərin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Ölkələrimiz Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verir və bu zəmində münasibətlərin daha da gücləndirilməsində maraqlı olduqlarını bəyan edirlər. Hazırda Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təqaüd proqramı çərçivəsində konqolu tələbələrin ölkəmizdə təhsil almaları, Hərəkatın Gənclər Təşkilatında nümayəndələrin iştirakı üçün imkanlar müzakirə olunur. Xüsusi olaraq bir məqamı da qeyd etmək lazımdır ki, bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bütün digər ölkələr kimi, Konqo üçün də Azərbaycan ilə əlavə əməkdaşlıq imkanları yaradır. Aprelin 4-də iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilmiş geniş tərkibdə görüşü zamanı etdiyi çıxışında da cənab Prezident İlham Əliyebv bildirdi ki, Azərbaycan COP29-la bağlı Konqo ilə birgə işləməyə hazırdır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat öz fikirlərini davam etdirərək bildirib ki, Avropa və Asiya dövlətləri ilə yanaşı Azərbaycanın Afrika ölkələri ilə də əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu göstərməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunun çoxşaxəliliyini və həqiqətən də qlobal hədəflərə malik olduğunu bir daha təsdiq edir: “Aprelin 4-də Azərbaycan və Konqo Prezidentlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirildi. Dövlət başçıları “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzaladılar. Əlbəttə ki, bu mühüm tarixi sənəd Azərbaycan-Konqo münasibətlərinin bundan sonrakı inkişafında əhəmiyyətli rol oynayacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında aparılan danışıqlar münasibətlərin inkişafına təkan verəcək və çox müsbət təsir göstərəcəkdir. Müzakirə olunan bütün məsələlərlə bağlı fikirlərin üst-üstə düşməsi iki ölkə arasında siyasi əlaqələrin də daha da möhkəmlənəcəyini deməyə əsas verir. Həmçinin energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq xüsusilə cəlbedici perspektivlər vəd edir. Birmənalı olaraq deyə bilərik ki, aprelin 4-də imzalanmış sənədlər və əldə edilmiş razılaşmalar Azərbaycan ilə Konqo arasında əməkdaşlığı yüksək dərəcədə gücləndirəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.