“Şəhidlərin xatirəsinin yad edilməsini “gülüş” obyektinə çevirənlər UTANMALIDIR!

Sosial şəbəkələrdə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalının vətəndaş qəbulu zamanı çəkilmiş fotosu bəzi qərəzli şəxslər tərəfindən müzakirə obyektinə çevrilib. Belə ki, sözügedən fotoda Günay Ağamalının köməkçisi Emin Xudiyevin şəhidlərin bir dəqiqəlik sükutla anılması zamanı göyə baxması görüntüsü yer alıb. Kifayət qədər normal hal olan bu məsələnin niyə bu qədər qabardılması sual doğurur. Mətbuat olaraq Milli Məclisin deputatı Günay Ağamalıdan açıqlama almaq imkanımız oldu. Günay Ağamalı bu haqqda nə düşünür?“Baxın bu şəkilə, həm də diqqətlə baxın! Bir tərəfdə Vətən qarşısında dik duran, sükutun içində fırtınalar qoparan bir ehtiram, digər tərəfdə isə bu mənzərənin mahiyyətini anlamayıb, onu klaviatura arxasında ucuz “gülüş” obyektinə çevirən mənəvi cırtdanlar. Bəziləri yazır: “Niyə yuxarı baxır?” Cavabım budur: Bəs hara baxmalıydı? Sənin kimi, həyatın bütün mənasını mədəsində və ayağının altındakı toz-torpaqda axtaranlar kimi aşağımı baxmalıydı? Ruhun göylərdə qanad çaldığı bir məqamda, nəzərlərin sonsuzluğa dikilməsindən daha təbii nə ola bilər? Siz lağlağı edirsiniz, çünki sizin “yuxarı” anlayışınız yalnız tavan səviyyəsindədir, sizin üfüqləriniz məişət qayğıları ilə məhdudlaşıb. Amma o baxış tavanı dəlib keçir! O baxış Şəhidin ucaldığı o uca məqama, Uca Tanrının dərgahına ünvanlanıb. Bir dəqiqəlik sükut sadəcə səssizlik deyil, o, ruhun ucalara ünvanlanan sükutlu dualarıdır. O baxış, Şəhidin canını fəda etdiyi o Müqəddəs Ucalığa, Tanrı dərgahına bir salamdır! Bu gün bu şəkilə gülənlər, əslində öz kiçikliyinə, öz dərrakəsinin darlığına gülürlər. Şəhid ruhu anılarkən insanın üzünü göyə tutması duadır, daxili təmizlənmədir. Torpaq altında yatanların xatiri üçün başını dik tutan adam, torpaq üstündə sürünənlərin hədəfinə çevrilirsə, deməli, biz hələ də mənəviyyatın nə olduğunu anlamayanlarla eyni havanı uduruq. Bizim Şəhidlərimiz ucalıqdadır. Və o ucalığı görmək üçün gərək sənin də daxilində bir “ucalıq” hissi olsun. Kimisi baxar sadəcə rəng və divar görər, kimisi baxar Vətən fədaisinin kölgəsini və Uca Tanrının nurunu görər. Sözügedən şəkil ruhun dərinliklərini üzə çıxaran bir baxışdır. Kimin daxili aləmi nə qədər dərin və zəngindirsə, o baxışın mənasını da o qədər dərindən anlayır. Qalanları isə qoy o “aşağılarda” qalıb, ucalığa baxanlara baxsınlar və öz dayazlıqlarında boğulsunlar. Ucalıq sizlik deyil, siz aşağı baxmağa, böynübükük yaşamağa davam edin!…”