Arəstə Baxışovanın “Florence Nightingale” medalı onun ailə üzvlərinə təqdim edildi

2021-ci il iyunun 9-da Arəstə Baxışovanın layiq görüldüyü “Florence Nightingale” medalının təqdim edilmə mərasimi keçirildi. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin həyətində baş tutan tədbirdə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Ariane Bauer, BQXQAC Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Olqa Cumayeva, Arəstə Baxışovanın ailə üzvləri və digər rəsmi nümayəndələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AzQAC-ın prezidenti N.Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hətəkatının ən yüksək mükafatı sayılan “Florence Nightingale” medalına layiq görülən Arəstə Baxışovanın həyatı və fəaliyyəti barədə ətraflı məlumat verdi. Onun müharibə zaman yaralı əsgərlərə göstərdiyi ilk yardım xidmətinin vacibliyindən bəhs etdi. O, daha sonra bildir ki, vətən yolunda şəhid olan A.Baxışovanın fəaliyyəti həm də AzQAC ilə bağlı olub. Belə ki, o, zamanında Cəmiyyətin Binəqədi rayon bölməsinin tibb bacıları kursunu  bitirmiş, həmçinin, Binəqədi rayon bölməsinin İdarəetmə Şurasının üzvü olmuşdur. Bu, Cəmiyyət üçün çox qürurverici bir hadisə olmuşdur.  Cəmiyyədin prezidenti onun xatirəsinin ayparaçıların qəlbində daim yaşayacağını söylədi. Sonda bu əlamətdar gündə tədbirin yüksək səviyyədə təşkil eidlməsinə görə BQXK rəhbərliyinə və əməkdaşlarına xüsusi olaraq öz təşəkkürlərini bildirdi.

Daha sonra çıxış edən BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Ariane Bauer “Florence Nightingale” medalının tarixi haqqında geniş məlumat verdi. Arəstə Baxışovanən bu medala layiq görülməyinin tarixi bir hadisə olduğunu xüsusi olaraq vurğuladı.

BQXQAC Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Olqa Cumayeva çıxışı zamanı dünyada bu medala cəmi 1512 nəfərin layiq görüldüyünü iştirakçıların nəzərinə çatdırdı. Onlardan 12 nəfər tibb bacısı və 1 nəfər tibb qardaşının Azərbaycandan olmasının qürür verici bir hadisə olduğunu vurğuladı. Xanım Cumayeva Arəstə Baxışovanın cəsarətin, fədakarlığın, humanizmin bir nümunəsi olduğunu xüsusi olaraq qeyd etdi.

Daha sonra çıxış edən Arəstə Baxışovanın anası Məktubə Baxışova nitqində qızının vətənpərvər, humanist və fədakar biri olduğunu söylədi. Fəaliyyəti zaman daim insanlığa yararlı olmağa çalışdığını söylədi. Qızının müharibə dövründə yaralı əsgərlərin döyüş bölgəsindən təxliyyə olunmasında və onlara ilk yardımın göstərilməsində mühüm fəaliyyətlər həyata keçirdiyini bildirdi. Məktubə xanım, Arəstə Baxışovaya göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə, AzQAC-ın, BQXK-nın və BQXQAC Federasiyasının rəhbərliyinə təşəkkür etdi.

Təqdim etmə mərasimində Novruz Aslanov “Florence Nightingale” medalını, Ariane Bauer medalın sertifikatını, Olqa Cumayeva isə Florence Nightingalenin şəklini A.Baxışovanın anasına təqdim etdilər.

Sonda xatirə şəkli çəkdirildi.