31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: TARİXİ HƏQİQƏTLƏR

Bu tarix yalnız keçmişin acı xatirəsi deyil, eyni zamanda milli yaddaşın qorunması, tarixi həqiqətlərin dünyaya çatdırılması və ədalətin bərpası uğrunda davam edən mübarizənin simvoludur. Xalqımıza qarşı əsrlər boyu yeridilmiş etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri məhz, 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində bu qanlı tarixə əsl siyasi-hüquqi qiymət verilmişdir. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i dövlət səviyyəsində Soyqırımı Günü kimi təsis olundu. Bu qərar uzun illər gizlədilən, təhrif edilən və ya diqqətdən kənarda saxlanılan tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm dönüş nöqtəsi idi. Məhz, bundan sonra azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar sistemli şəkildə araşdırılmağa, sənədləşdirilməyə və beynəlxalq ictimaiyyətə təqdim olunmağa başlandı.

Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciə təsadüfi xarakter daşımırdı. Tarixi faktlar göstərir ki, türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə 1918-ci ilin mart hadisələri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi... xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.”

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi qırğınlar isə xüsusi qəddarlığı ilə seçilir. Bakı şəhərində və ətraf bölgələrdə, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildi. Yaşayış məntəqələri dağıdıldı, məscidlər, tarixi abidələr və qəbiristanlıqlar yerlə-yeksan edildi.

Şamaxıda yüzlərlə kəndin yandırılması, minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi, Qubada aşkar edilmiş kütləvi məzarlıq bu cinayətlərin miqyasını açıq şəkildə göstərir. Aparılmış araşdırmalar sübut edir ki, qurbanlar arasında qadınlar, uşaqlar və qocalar üstünlük təşkil edib. Bu faktlar hadisələrin hərbi qarşıdurma deyil, məqsədli şəkildə həyata keçirilmiş soyqırımı olduğunu təsdiqləyir.

Müstəqil Azərbaycan dövləti xalqımıza qarşı törədilmiş bu soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir.  Bu istiqamətdə dövlətin apardığı siyasətlə yanaşı, hər bir vətəndaşın, xüsusilə xaricdə yaşayan azərbaycanlıların üzərinə mühüm məsuliyyət düşür. Tarixi faktlara əsaslanan obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, illərlə formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması zaman və səbir tələb etsə də, bu, həm də mənəvi borcdur.

Quba şəhərində yaradılmış Soyqırımı Memorial Kompleksi, aparılan elmi tədqiqatlar və üzə çıxarılan yeni faktlar bu istiqamətdə görülən işlərin əyani göstəricisidir. Bu fəaliyyət yalnız keçmişi anmaq deyil, həm də gələcək nəsillərin milli yaddaşını qorumaq məqsədi daşıyır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bizə xatırladır ki, tarix unudulduqda təkrarlanma riski artır. Bu dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün milli birlik və güclü dövlətçilik ən etibarlı təminatdır.

Əlibala Məhərrəmzadə,

Milli Məclisin deputatı, professor