31 Mart soyqırımı bəşər tarixinin qanlı səhifələrindəndir

Heydər Əsədov

Milli Məclisin deputatı

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli səhifələrdən birini əks etdirir. Bu soyqırımının törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq, bu prosesin qarşısını almaq və torpaqlarımıza yiyələnməkdən ibarət olub. Həmin məqsəd uğrunda Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları azərbaycanlılara qarşı vahid cəbhədə birləşiblər.

Xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin kökləri XIX əsrin əvvəllərinə gedib çıxır. Həmin dövrdən başlayaraq regionda demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, azərbaycanlı əhalinin sıxışdırılması və tarixi torpaqlardan çıxarılması prosesi sistemli xarakter almışdır. Həmin siyasətin əsasında erməni millətçilərinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyası dayanmışdır. Bu ideya çərçivəsində müxtəlif dövrlərdə etnik təmizləmə, deportasiya və kütləvi qırğınlar həyata keçirilmiş, xüsusilə 1905–1907-ci illər və 1918-ci il hadisələri tarixə qanlı səhifələr kimi düşmüşdür.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən dinc əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədilmişdir. Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə on minlərlə insan etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Qısa müddət ərzində yaşayış məntəqələrinin dağıdılması, mədəni və dini abidələrin məhv edilməsi həmin dövrün faciəvi miqyasını göstərir.

Şamaxı qəzasında baş verən hadisələr zamanı yüzlərlə kənd dağıdılmışdır. Quba qəzasında isə kütləvi qırğınların izləri daha sonra aşkarlanan məzarlıqlarla təsdiq edilmişdir. Qazıntılar zamanı tapılan kütləvi məzarlıq bu hadisələrin real sübutu kimi mühüm əhəmiyyət kəsb edir. Həmin faktlar göstərir ki, törədilən cinayətlər planlı və sistemli xarakter daşımışdır.

1918–1920-ci illərdə İrəvan quberniyasında yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, dinc sakinlər qətlə yetirilmiş və ya öz doğma torpaqlarından didərgin salınmışdır. Zəngəzur bölgəsində isə yüzdən çox kənd məhv edilmiş, əhali kütləvi şəkildə qırılmış və ya qaçqın vəziyyətinə düşmüşdür. Bu proseslər, həmçinin xalqın tarixi-mədəni irsinin silinməsinə yönəlmişdir. Maraqlı məqam ondan ibarətdir ki, bəzi erməni mənşəli tarixçilər və siyasi xadimlər də bu hadisələr barədə etiraflar etmişlər. Bütün bunlar baş verənlərin təsadüfi deyil, sistemli siyasətin nəticəsi olduğunu göstərir. Belə mənbələr tarixi faktların obyektiv araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu günə rəsmi siyasi-hüquqi qiymət verilmiş və hər il dövlət səviyyəsində qeyd olunması təmin edilmişdir. Bu qərar dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması istiqamətində mühüm addım olmuşdur. Ümummilli Liderin qeyd etdiyi kimi, xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.

Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Dövlətimizin başçısı 30 dekabr 2009-cu il tarixində Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında Sərəncam imzalamışdır. Memorial kompleks bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm amilə çevrilmişdir. Burada aparılan tədqiqatlar və nümayiş etdirilən materiallar ziyarətçilərə tarixi faktları əyani şəkildə təqdim edir.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasıdır. Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, elmi mərkəzlər və tədqiqatçılar həmin istiqamətdə mühüm rol oynayırlar. Tarixi faktların sənədlərə, arxiv materiallarına və elmi araşdırmalara əsaslanaraq təqdim edilməsi beynəlxalq aləmdə obyektiv yanaşmanın formalaşmasına xidmət edir.

Xalqımızın yaddaşında dərin iz buraxmış hadisələrin unudulmaması, onların obyektiv şəkildə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Tarixi ədalətin bərpası uzunmüddətli və çətin proses olsa da, həmin istiqamətdə atılan addımlar milli həmrəyliyin, tarixi yaddaşın və ədalət prinsipinin təntənəsi kimi dəyərləndirilir.