Elşad Mirbəşir: "Azərbaycan bir daha özünün haqlı mövqeyini göstərdi”
Xəbər verildiyi kimi, rəsmi Bakıdan Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənədə sərt reaksiya verilib. Belə bir reaksiyaya səbəb dekabrın 2-də Brüsseldə keçirilmiş Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi olub. Azərbaycan Xarici İşlər Nazirliyinin Aİ və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində qeyd olunub ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir. Aİ-Ermənistan arasında Azərbaycanı hədəfə alan bu cür yanaşmalar nəyə ximət edir?
Məsələni Versus.Az-a şərh edən professor Elşad Mirbəşir vurğulayır ki, Avropa İttifaqı və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində sənəddə regionda yenidən gərginliyin yaradılması, düşmənçilik meyllərinin alovlandırılması cəhtləri aydın müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycanın iradəsi ilə regionda sülhün əldə olunması üçün real imkanların yarandığı bir vaxtda Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sənəddə yenidən təxribatçı mövqe dərgilənir, reallıqlar aşkar təhrif edilir.
"Avropa İttifaqının özündə də aydın təsəvvürlər var ki, Azərbaycan tərəfi tam cəmiyyətlə reinteqrasiya ilə bağlı ermənilərə çağırış etdi. Lakin Azərbaycanın Qarabağ ərazisində olan ermənilər könüllü şəkildə pasportunu daşıdıqları Ermənistana keçdilər. Buna baxmayaraq, sənəddə həqiqət təhrif olunur və ermənilərin guya Azərbaycan tərəfinin başladığı hərbi əməliyyatlar nəticəsində ərazilərimizi tərk etdikləri vurğulanır. Bu, olduqca təxribatçı mövqedir və tərəflər arasında sülh imkanlarını ciddi şəkildə məhdudlaşdırır”-E.Mirbəşir deyib.
Professor eyni zamanda bildirib ki, bu, Aİ ilə Azərbaycan arasında münasibətlərin xarakterinə mənfi təsir göstərir. Onun sözlərin görə, Cənubi Qafqazın regionun kifayət qədər həssas və münaqişə potensialının tarixən yüksək olan bir coğrafiya olduğu nəzərə alınmalıydı:
“Bu regionda sülh imkanlarından maksimum yararlanmaq əvəzinə, Avropa İttifaqı tamamilə fərqli mövqe nümayiş etdirir. Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətmiş separatçıların hərbi əsirlər kimi təqdim olunması qətiyyən yolverilməzdir və təhlükəli addımdır. Hesab edirəm ki, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sənəd həm də 2024-cü ilin aprelin əvvəlində Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Enttoni Blinken və Avropa İttifaqı Şurasının prezidenti Ursulo fon der Lyayen arasında aparılan müzakirələri xatırladır. Həmin görüşdə də regiondakı həqiqətlər təhrif olunmuşdu və Ermənistan revanşa həvəsləndirilmişdi. Ermənistana əlavə təhlükəsizlik təminatları çərçivəsində hərbi yardımın edilməsi region üçün ciddi təhlükələrə yol açırdı. Sənəddə qeyri konstruktiv yanaşmanı aydın sübut edən məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yol haqqında ümumiyyətlə heç bir xatırlatma yoxdur. Deməli, Avropada Cənubi Qafqaz regionunda cərəyan edən pozitiv proseslərə qısqanclıqla yanaşma meylləri vardır.
Digər tərəfdən Ermənistan tərəfinin də bir sıra qəbuledilməz, regiondakı sülh imkanlarına kölgə salan məqamların yer aldığı bir sənədi imzalaması sülh prosesində onun səmimiyyəti ilə bağlı suallar yaradır. Azərbaycan tərəfi haqlı olaraq imzalanan sənədlə bağlı sərt reaksiya nümayiş etdirməklə bir daha özünün haqlı mövqeyini göstərdi”.