Aydın Hüseynov: Radikal müxalifətin ittihamları yenə də boşa çıxdı

Radikal müxalifət partiyalarının üzvləri neçə müddət idi ki, hakimiyyəti əsassız ittiham edərək “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinin partiyaların qeydiyyatını məhdudlaşdırmağa xidmət etdiyini və onların reyestrin təsdiq edilməsinə mane olduğunu bildirirdilər. Bu cür yanaşma təbii ki, qərəzli idi və bu müxalif qüvvələrin məqsədi yeni qanunun demokratikliyinə şübhə yaratmaqla özlərinin saxta ambisiyalarını sığorta etməyə çalışırdılar. İllərdir ki, cəmiyyət onlardan bu cür cığal və qeyri-konstruktiv yanaşmanı görüb və son iddialar da bunun növbəti təzahürü kimi qiymətləndirilə bilər. Ancaq Azərbaycan hakimiyyəti demokratik seçki ənənələrinə sadiq qalaraq özünün seçki qanunvericiliyini daha da təkmilləşdirərək bütün siyasi qüvvələrə, o cümlədən radikallara seçki qeydiyyatı üçün azad və şəffaf şəraiti təmin etməklə, onların reyetrini təmin etməklə bu qüvvələrin bütün ittihamları boşa çıxardı. Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, radikalların reyestrlərinin dövlət tərəfindən təsdiq edilməsi faktı radikalların ölkədə “təkpartiyalı” sistemin qurulucağına dair qərəzli mövqeyini ifşa etməklə bu şəxslərin böhtan və iftira kampaniyasını da heçə çıxardı. İndiyə qədər iqtidarı ədalətsizlikdə günahlandıran bu qüvvələr demokratik mühitin təminatçısı olan hakimiyyətin bütün siyasi qüvvələrə eyni münasibətini etiraf etmək cəsarətinə malik deyillər və bu amil də onların çarəsizliyinin, saxtakarlığının nümunəsi olmaqla əsil xislətini ortaya qoyur.

Beləliklə, obyektiv mənzərə və demokratik proseslərdən doğan əsil həqiqət budur ki, yeni Qanun ətrafında cərəyan edən hadisələr üzərində manipulyasiya etməyə çalışan radikal müxalifət son dərəcədə tənbəlləşib, normal iş görməyi yadırğayıb və uzun illər ərzində fəaliyyətsizliyi nəticəsində “pas” bağlayıb. Bu partiyalar illər ərzində heç bir əsaslı iş görmədikləri üçün adi hüquqi və inzibati proseduralardan keçmək belə çətinlik çəkirlər.Qanunda ən çox qorxudan amil məhz 5 min tərəfdarların imzalarının toplanması olub. Müxalifətin lideri statusuna iddialı olan partiyanı 5 min imza toplamaq qorxudur. Sözügedən obyektiv həqiqət bu partiyaların həqiqi potensialını ifşa edir.

Millət vəkili qeyd edib ki,radikal partiyalar öz yalanları ilə nəinki cəmiyyəti, hətta az sayda olan öz tərəfdaşlarını uzun illər ərzində aldadıblar. Odur ki, böyük ehtimalla indidən sonra da bu partiyalarda parçalanmalar və qopmalar baş verəcəkdir. Biz bununla yaxın müasir siyasi tariximizdə çox rastlaşmışıq.