Azad olunan ərazilərdə "yaşıl enerji" siyasəti yeni imkanlar yaradacaq

Azərbaycan Prezidenti İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri yeni dövrün başlanğıcıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə artıq start verilib: “Düşmən işğal altında olan torpaqlarımızı istismar etməklə yanaşı, oradakı infrastrukturu da dağıdıb. Biz bunu Ağdamda, Füzulidə, Zəngilanda, Cəbrayılda, Şuşada görürük. Dövlət başçısı da işğaldan azad olunan ərazilərimizə səfəri zamanı bu yöndə ətraflı məlumat verdi. Artıq dünya birliyi ermənilərin necə vandal olduqlarını bilir.

Diplomatik korpus nümayəndələri bütün bunları öz gözləri ilə görüblər. Bəziləri bu yöndə “Twitter” hesablarından paylaşım da ediblər. Bəli indi həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə start verilib. Artıq Şuşa şəhəri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur. Cənab Prezidentin iştirakı ilə Laçının Güləbird kəndindəki Su Elektrik Stansiyası istismara verildi. Bu SES işğaldan azad olunan ərazilərdə istifadəyə verilən ilk elektrik stansiyasıdır. Yaxın zamanlarda Laçında dağıdılmış daha 4 SES bərpa ediləcək, Kəlbəcərdə 12 SES yenidən qurulacaq, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları tikiləcək.

Qısa zamanda işğaldan azad olunmuş ərazilərdə generasiya gücü 240 meqavata çatdırılacaq ki, bu da böyük gücdür. Bütün bunların fonunda onu demək olar ki, qısa zamanda işğaldan azad olunan ərazilərimizdə nəzərdə tutulan bütün sosial layihələr uğurla həyata keçiriləcək”.

İ.Yusifov onu da bildirib ki, işğaldan azad olunan ərazilərdə yaradılacaq yeni elektrik stansiyaları həmin ərazilərin elektrik enerjisinə olan tələbatın ödənilməsi ilə yanaşı ixracda müsbət saldonun yaranması ilə nəticələnəcək:

“Kəlbəcər-Laçın zonası bərpa olunan enerji mənbələrinin yaradılması, su elektrik stansiyalarının tikintisi üçün əlverişli təbii şəraitə malikdir. Vaxtilə bu ərazilərdə çoxsaylı stansiyalar qurulub, işğal dövründə ermənilər onlardan istifadə ediblər. Lakin kapitulyasiyadan sonra bütün stansiyalar dağıdılıb və yararsız hala gətirilib.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bütün stansiyaları bərpa edəcək, yeniləri tikiləcək. Bu isə elektrik enerjisinə olan tələbatın ödənilməsində mühüm rol oynayacaq. Eyni zamanda biz əldə olunan yeni uğurlarla bu sahədə ixrac potensialımızı yüksəldə bilərik”.