Azad söz azad cəmiyyətin təməl daşıdır

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi”. Bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib. Onun sözlərinə görə, sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi: “Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb”.

Deputat qeyd edib ki, bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsi artıq ənənəyə çevirib. Azərbaycan jurnalistikası 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olundu. Media monolit komanda kimi prosesdə aktiv iştirak etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Azərbaycan hakimiyyəti erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq, bunu bacardı. Məsələnin vacibliyini əsaslandırmağa ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə müsahibələri düşmənə qarşı ideoloji sipər rolunu oynadı. Dövlət başçımız müsahibələrində və xalqa müraciətlərində həm xaricə, həm də daxilə vacib ismarıclar ötürdü. Onun sayəsində cəbhədəki üstünlüyümüz ideoloji müstəviyə də daşındı. Prezident müsahibə və çıxışlarında bir növ, tezislər verdi. Təbii ki, bu amil media orqanlarımızın fəaliyyətinə də müsbət təsirini göstərdi. Jurnalistikamız həm münaqişənin tarixi, həm hazırkı vəziyyət və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlərlə silahlandı. Nəinki mediamız, bütövlükdə ictimai sektor silahlandı. Bu da son dərəcə əhəmiyyətli idi. Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi. Mənəvi baxımdan bu,yüksək üstünlük faktı idi. Bu gün tam səmimiyyəti ilə demək olar ki, bu gün təkcə Azərbycan mətbuatının, bu sahədə gecə-gündüz külüng çalan jurnalistlərin deyil, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır. Bayramınız mübarək!