Azər Badamov: Amnistiya aktı dövlət başçısının humanistliyinin və qayğıkeşliyinin bariz nümunəsidir

Milli Məclisin deputatı Azər Badamov Milli Məclisinin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək bu ilin Azərbaycanın xarici və daxili siyasətində misilsiz uğurlarla yadda qaldığını bildirib.

Sabahinfo.az-ın
xəbərinə görə, deputat qeyd edib ki, müzakirəyə çıxarılan amnistiya aktı dövlət başçısının yürütdüyü humanist siyasətin davamıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqlik əsas xətti təşkil edir:

“Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə insan amilinə xüsusi həssaslıqla yanaşıb. Onun rəhbərliyi dövründən etibarən ölkəmizdə insan hüquqlarının müdafiəsi və qanunların aliliyinin təmin edilməsi istiqamətində ardıcıl addımlar atılıb”.

Azər Badamov xatırladıb ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildən ölüm hökmü üzərində moratorium tətbiq olunub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyev də bu ideyalara sadiq qalaraq humanist siyasəti uğurla davam etdirir.

Deputat çıxışında Prezidentin andiçmə mərasiminə də toxunaraq bildirib ki, Konstitusiyaya və Qurani-Kərimə and içilməsi hüquqlara hörmətlə yanaşı, bağışlama və əfv dəyərlərinin dövlət idarəçiliyində mühüm yer tutduğunu göstərir.

Azər Badamov mətbuata verilən məlumatlara istinadən deyib ki, müzakirəyə təqdim olunan amnistiya aktı layihəsi 20 mindən çox şəxsi əhatə edəcək və bu, say baxımından ən geniş amnistiya olacaq:

“Bu, 20 mindən çox evə sevinc, istilik və ümid deməkdir”.

Deputatın sözlərinə görə, amnistiya aktı dövlət başçısının humanistliyinin və qayğıkeşliyinin bariz nümunəsidir və Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir.