Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və  istədiyi nəticəyə nail olacaq

 Hazırda dünyada gedən mürəkkəb ictimai- siyasi, iqtisadi böhran və hərbi gərginliklər fonunda  beynəlxalq arenada ölkəmizin əhəmiyyəti  daha da artır. Əlbəttə Azərbaycan 44 günlük Vətən Müharibəsini Qələbə ilə başa vurması, BMT Qətnamələrini özü icra etməklə, suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa etdi. Müharibənin nəticələri əsasında yeni geosiyasi və geoiqtisadi vəziyyət yaranmışdır.  Aprelin 12-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha  bu məsələni önə çəkərək bildirdi ki, “dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər”. Bu  beynəlxalq təşkilatlarla aparılan  fəal əməkdaşlığın əsasında baş vermişdir.  Azərbaycan bir çox ölkələrlə iki və çoxtərəfli əməkdaşlıq edir, birgə layihələr icra edir. Dövlət başçısının apardığı balansı xarici siyasət nəticəsində ölkəmizin nüfuzu gündən-günə artır. 30 illik müstəqillik tarixində  Azərbaycan daim etibarlı  dövlət kimi özünü tanıda bilmişdir. Bunun nəticəsidir ki, ayrı-ayrı dövlətlərlə yanaşı, mühüm beynəlxalq təşkilatlar da dövlətimizə hörmətlə yanaşır. 
Bu yaxınlarda  mədəniyyət paytaxtımız olan Şuşa şəhərində  BMT xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr  olunmuş beynəlxalq tədbirin keçirilməsi  xüsusi ilə təqdirəlayiq idi.  Bu konfrans bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü  tanıyır.  Bu qurumun, onun Təhlükəsizlik Şurasının  qəbul etdiyi qərarlar kağız üzərində qalmışdır və Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən birtərəfli qaydada həll edilməsi cənab Prezident  İlham Əliyevin dediyi kimi BMT-nin üzərindən bu yükü götürmüş oldu. Xüsusi ilə də bu tədbirin Şuşa şəhərində  keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Əlbəttə ki, bu hadisə  Ermənistanda   narazılıqla qarşılandı, bəyanatlar verildi. Ancaq  qarşı tərəf artıq dərk etməlidir ki, biz öz torpaqlarımızı ermıni işğalından azad etmişik  və onların yersiz iddiaları yalnız onların əleyhinədir. 
Xüsusi ilə vurğulamaq lazımdır ki, ölkə başçısının çevik  və uqzaqgörən diplomatik bacarıqları nəticəsində Azərbaycan qoşulmama prinsipini əsas götürməklə, praqmatik siyasət həyata keçirir. Bu yanaşma dünyada gedən proseslər fonunda mühüm pozitiv nəticələrin əldə olunmasında vacib şərtlərdən biridir.  Müşavirə zamanı cənab Prezidentin  Azərbaycanın  BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatındakı fəaliyyətini, eləcə də bu təşkilatın ölkəmizi verdiyi dəstəyi verdiyi qiymətləndirərkən, bildirdi ki, “Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olduğunu  nümayiş etdirdi”.  Qoşalamama Hərəkatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan sədrlik dövründə bu qurumu yenidən canlandırdı. Gənclər və Parlamentlər şəbəkəsi təsis olundu. COVİD-19  yaratdığı fəsadların aradan qaldırılması və vaksin millətçiliyinin  qarşısının alınması sahəsində mühüm  töhfələr verdi. Bu səbəbdən də  bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın sədrliyi daha bir il uzadılmışdır.  Bu, dövlətimizə, onun başçısı İlham Əliyevə göstərilən böyük etimadın, inamın təzahürüdür. Öz növbəsində Qoşulmama Hərəkatı  da Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirdi. 
İslam Əməkdaşlıq Təşkilatı  çərçivəsində də Azərbaycan aktiv fəaliyyət göstərir. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul etmişdir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda  ölkəmizin  mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul  olunmuşdur.  Həmin müşavirədə Prezident İlham Əliyev ATƏT-lə bağlı münasibət bildirərkən ATƏT və ATƏT Minsk qrupunu fərqləndirməklə onların fəaliyyətinə qiymət verdi.  Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünü qeyd edərək bildirdi ki, “Görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir”. Lakin  ATƏT-in Minsk qrupuna gəldikdə isə qeyd etmək lazımdır ki,  müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Azərbaycan dövlətinin, ölkə başçısının mövqeyi birmənalıdır.   ATƏT-in Minsk Qrupu 28 il fəaliyyətdə olub, ötən dövr ərzində həmsədr ölkələr həm Azərbaycana, həm də Ermənistana  dəfələrlə  səfər etmişlər.  Lakin heç bir nəticə əldə olunmamışdır.  Nəhayət Azərbaycan hərbi-siyasi yolla özü bu münaqişəni həll etmişdir.  Artıq  Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq.  Bununla da   Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər, çünki məsələ öz həllini tapmışdır.  
Vətən müharibəsindən sonra Avropa İttifaqı- Azərbaycan  münasibətləri daha intensiv xarakter almışdır. Bu təşkilat da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Bu görüşlərdə diqqət çəkən ən önəmli məqamlardan biri  yekun sənədlərdə  “Dağlıq Qarabağ” adı yoxdur.  Azərbaycanın etirazı qəbul edilərək  nə “Dağlıq Qarabağ”, nə ə “münaqişə”, nə də “ATƏT-in Minsk” ifadələri  yoxdur.  Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklifə  Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. 30 il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olmuşdur. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və  istədiyi nəticəyə nail olacaqdır.  Bunun üçün münbit imkanlar yaranmışdır.
Bu gün regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çox mühüm işlər görülür. Bu təşəbbüslərdən biri də 3+3 əməkdaşlıq formatıdır.  Bu ideyanı ilk olaraq qardaş Türkiyə dövləti dəstəklədi.   Cənab İlham Əliyevin dediyi kimi, “Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nətic
ə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir”. Beləliklə, Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub. Ona görə də balanslı siyasət yürütmək vacibdir və bu gün  Azərbaycanın həyata keçirdiyi bu müdrik siyasət ölkə başçılarının strateji uzaqgörənliyini bir daha təsdiqləyir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova