"Azərbaycan alternativ yol seçsə, Zəngəzur dəhlizi təklifini yubadan Ermənistan dalana dirənəcək"

“Azərbaycanın təklifi Ermənistanın suverenliyinə təhdid deyil, sadəcə bu öhdəlikdən boyun qaçıran erməni tərəfi əsassız bəhanələr gətirir. Azərbaycanın təklifi beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycandan Azərbaycana (Naxçıvana) gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir, digər ölkələrə gedən yüklərə görə gömrük rüsumları ödənilməlidir. Ermənistanın alternativ olaraq irəli sürdüyü layihə, hava şəraiti və relyefə görə bu marşrut yararsızdır. Ən düzgün variant Azərbaycanın təklifidir. Əgər Zəngəzur dəhlizi açılmasa, Azərbaycan Ermənistanla heç bir başqa yerdə sərhəddimizi açmaq fikrində deyil”… Bu barədə Azərbaycan prezidenti İlham Əliyev yerli KİV-lərə müsahibəsində danışıb.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildiirb ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə, müəyyən razılaşmaların əsasını qoyacaq, o cümlədən də, atəşin dayandırılmasına gətirib çıxaran noyabr bəyannaməsi 3 dövlət tərəfindən imzalandı. Bu zaman hər bir dövlətin üzərinə götürdüyü öhdəliklər vardı və Azərbaycan üzərinə götürdüyü öhdəlikləri hər birinə riayət etdi. Təəssüf ki, Ermənistan ən mühim razılaşmalardan biri olan Zəngəzur dəhlizi istiqamətində olan razılaşmaları gecikdirdi. Sonradan müxtəlif şərtlər irəli sürərək, bir növ bu razılaşmalardan boyun qaçıraraq, öz imzasının dürüstlüyünə, öz imzasına hörmət etməsinə şübhələr yaratdı.

Deputat bildirib ki, bu məsələlərin kökünə diqqət yetirdikdə son illər ərzində, son bir neçə ildə əslində Ermənistanın razılaşmalardan müxtəlif bəhanələrlə boyun qaçırmasını müşahidə etmiş oluruq. Azərbaycanın həm məntiqi, həm də təklifi qətidir, eyni zamanda anlaşılandır. Əgər sülh müqaviləsi olacaqsa təbii ki, sülh müqaviləsinin imzalanmasına şərtlərindən biri kommunikasiyalarnın açılmasıdır.

"Burada təbii ki, ərazi bütövlüyünün tanınması, tərəflərin bir-birinin sərhədlərini tanınması, bundan sonrakı mərhələlərdə isə delimitasiya- demarkasiya məsələləri və o, cümlədən də ən mühim amillərdən biri də kommunikasiyaların açılmasıdır"-deyən deputat hesab edir ki, kommunikasiyaların açılması, əslində Ermənistanın özünə də iqtisadi cəhətdən səmərə gətirəcək. Çünki sonradan Paşinyanın, xüsusən Gürcüstanda irəli sürdüyü və ölkəsinin Qara dənizə, Aralıq dənizinə, İran körfəzinə və Xəzər dənizinə çıxışını təmin edəcək su qovşağı layihəsi sanki konstruktiv addıma bənzəməyə çalışsa da, əslində Azərbaycanın daha konstruktiv təklifi olan və hər iki dövlətin də altında imzası olan Zəngəzur dəhlizinin açılması prosesinə bir növ maneçilik və yeni gündəm yaratma məsələsidir. Çünki su qovşağı layihəsində biz daha rahat infrastrukturu qurulmuş, sadəcə Ermənistanın konstruktiv addım atmasından asılı olan Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi prosesinə daha çətin relyef şəraiti olan, daha yeni infrastruktur qurulması nəzərdə tutulan müxtəlif istiqamətlərin təklif olunduğunu müşahidə edirik. Həm də Azərbaycan artıq müəyyənləşmiş, istər dəmir yolu infrastrukturu, istərsə də yol infrastrukturu qurulmuş bir dəhlizi təklif edir…”-deyən deputat hesab edir ki, burada ikinci amil var. Belə ki, Azərbaycan Ermənistanın bu prosesə konstruktiv yanaşmadığını gördükdə artıq İranla İran üzərindən keçən bir hissəsi dəhlizin reallaşması üçün həmin istiqamətdə, infrastrukturun qurulması üçün İranla birlikdə razılaşmalara imza atıb.

"Artıq körpünün tikintisinə başladıqdan sonra Ermənistan reallığı dərk etməyə başlayıb və cənab prezidentin də bu istiqamətdə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarda bu istiqamətdə fikri qətidir ya dəhliz açılacaqdır. Bu istiqamətdə hər kəs öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək, əks halda Azərbaycan alternativ istiqamətlərdən istifadə edərək Ermənistanı birmənalı şəkildə dalana sıxacaq. Cənab prezidentin bu istiqamətdə açıqlamaları tam aydın və qətiyyətli açıqlamalardır. Fikrimcə artıq bundan sonra Ermənistan hakimiyyətini bu açıqlamalar “qara-qara” düşünməyə məcbur edəcəkdir və bundan sonra artıq müxtəlif dəhlizlər, müxtəlif istiqamətlər barədə hoqqabazlıqların onları dalana dirənəcəyi reallığını dərk etməsini daha da tezləşdirəcəkdir”-deyə Müşfiq Məmmədli vurğulayıb.