İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi — 28 oktyabr 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə Qobustan rayonunda fəaliyyət göstərən *”Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzi”*ndə “Uşaq hüquqları aylığı” çərçivəsində əlilliyi olan uşaqlar və onların valideynləri üçün “Uşaqları hər növ istismardan qoruyaq” adlı məlumatlandırma görüşü keçirib. İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT KoalisiyasınDan tezadlar.az- a bildirilib ki, tədbirin məqsədi uşaqların hüquqlarının qorunması, istismara qarşı maarifləndirmənin gücləndirilməsi və valideynlərdə bu sahədə məsuliyyət hissinin artırılması olub. Görüş zamanı iştirakçılara uşaq hüquqlarının təmin olunması istiqamətində dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətindən bəhs edilib. Koalisiyanın sədri Mehriban Zeynalova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq sənədlərinə əsasən, ölkəmizdə uşaqların hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
O, həmçinin uşaq istismarının növləri, bu halların yaratdığı sosial və psixoloji fəsadlar, eləcə də müasir dövrdə sosial şəbəkələr vasitəsilə uşaqların aldadılaraq istismara məruz qalma riskləri barədə ətraflı məlumat verib. Mehriban Zeynalova valideynləri uşaqların təhlükəsizliyinə daha diqqətli olmağa, onlarla mütəmadi ünsiyyət qurmağa və hər hansı şübhəli vəziyyətlə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməyə çağırıb.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıb, suallarını səsləndirib və maarifləndirici təlim materialları ilə təmin olunublar.