“Azərbaycan başa çatmış münaqişə səhifəsini çevirməyə hazırdır”

“Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gedən bərpa və quruculuq işləri misli görünməmiş dərəcədə böyük miqyası ilə bütün dünyanın diqqətini özünə cəlb edir. Eyni zamanda belə bir məqamı da nəzərə almaq lazımdır ki, hazırda pandemiyanın yaratdığı iqtisadi çətinliklər səbəbilə planetin heç bir ölkəsində Azərbaycanda müşahidə olunan dinamika ilə bərpa-tikinti işləri aparılmır. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq həmin bölgələrə etdiyi səfərlər isə görülən işlərin bilavasitə ölkə rəhbərliyinin xüsusi diqqətində saxlandığını göstərir. Məhz bu diqqətin sayəsində işğaldan azad edilmiş ərazilərimiz gözlənildiyindən daha sürətlə bərpa olunur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək: “Təbii ki, bütün bunların reallaşması üçün ilk növbədə həmin ərazilərin yenidən qurulması və məskunlaşdırılması zəruri şərtdir. Məlumdur ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri yüksək intensivliklə həyata keçirilir. Bunun daha bir göstəricisi budur ki, dövlət başçımızın işğaldan azad edilmiş torpaqlara hər səfəri daha bir neçə müəssisə və obyektin açılışı və növbəti infrastruktur layihələrin təməlinin qoyulması ilə əlamətdar olur. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 3-də Tərtər və Bərdə rayonlarına etdiyi səfəri zamanı da bu ənənə davam etdirilib. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib. Bundan sonra isə Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Həmçinin dövlətimizin başçısı “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib və Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Heç şübhəsiz bu layihələr dövlətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həyata keçirilən irimiqyaslı bərpa quruculuq işlərinin tərkib hissəsi olmaqla hər biri özlüyündə böyük əhəmiyyət kəsb edirlər. Vahid tam halında nəzərdən keçirildikdə isə bütün bu işlər eyni zamanda həm dövlətimizin iqtisadi qüdrətinin daha bir nümayişidir, həm də Azərbaycanın yaradıcı ruhunun təntənəsidir.”

Həmçinin Novruzəli Aslanov qeyd edib ki, Azərbaycanın təklif etdiyi və bütün regionu əhatə edəcəyi nəzərdə tutulan nəqliyyat layihələri regional sülhün və inkişafın təmin olunmasında böyük rol oynayacaq: “Artıq dəfələrlə bütün səviyyələrdə aparılan beynəlxalq müzakirələrdə və ən əsası da Prezident İlham Əliyevin verdiyi bəyanatlarda qeyd olunub ki, Azərbaycan başa çatmış münaqişə səhifəsini çevirməyə hazırdır. Biz gələcəyə baxan xalq və ölkəyik. Buna görə də Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasının və yeni yaranmış reallıqlardan doğan şərtlər əsasında bütün ölkələrlə qarşılıqlı əməkdaşlığa başlamağın tərəfdarıdır. Heç şübhəsiz Azərbaycanın təklif etdiyi və bütün regionu əhatə edəcəyi nəzərdə tutulan nəqliyyat layihələri regional sülhün və inkişafın təmin olunmasında böyük rol oynayacaq və region ölkələrinin, eləcə də qonşu dövlətlərin inkişafına böyük töhfələr verəcək. O cümlədən Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşəcək. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, regionun uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr bu layihələrdən faydalana biləcəklər.”

Sonda millət vəkili Ermənistan tərəfinin Azərbaycanın sülh çağırışlarına hələ də müsbət cavab verməməsini ilk növbədə bu ölkənin özü üçün arzuolunmaz nəticələrə gətirib çıxara biləcək bir hal kimi qiymətləndirərək bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxış və müsahibələrində də bildirib ki, Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyir. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin Azərbaycan gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğunu da dəfələrlə bəyan edib. Bütün bu təşəbbüslər bilavasitə Azərbaycan Prezidenti tərəfindən və dövlətimizin digər rəsmiləri tərəfindən dəfələrlə vurğulanıb. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Təbii ki, bu hal Ermənistanın siyasi hakimiyyətində revanşist meyllərin gücləndiyini deməyə əsas yaradır. Bu isə nəticə etibarı ilə ilk növbədə bu ölkənin özü üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bütün bunların baş verməməsi üçün də Ermənistan Azərbaycanın sülh çağırışlarına cavab verməli və ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan irəli gələn iqtisadi inkişaf imkanlarından yararlanmaq fürsəti əldə etmək üçün ciddi səylər göstərməlidir.”