Azərbaycan beynəlxalq arenada dostlarının sayını artırmağa davam edir

Dövlət müstəqilliyinin qorunub saxlanması və ölkədə sosial-iqtisadi rifahın təmin olunması üçün dövlət idarəetməsi sahəsində əsrlərdən bəri gələn və artıq öz təsdiqini tapmış bütün dövrlər üçün keçərli olan bir təcrübə var ki, o da ölkənin beynəlxalq əlaqələrinin düzgün formalaşdırılması, digər dövlətlərlə uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Azərbaycan xarici siyasətinin formalaşdırılmasında qeyd olunan yanaşmanı baza prinsiplərdən biri kimi qəbul edən Cənab Prezident İlham Əliyev ölkəmizin başqa ölkələrlə müsbət dostluq əlaqələrinin qurulmasında gözləgörülən uğurlara imza atmışdır. Bu gün dünyada gedən siyasi proseslərə nəzər saldıqda aydın şəkildə görmək mümkündür ki, beynəlxalq arenada; beynəxlalq təşkilatlar və digər müxtəlif platformalar çərçivəsində, dövlətlərin bir-birlərinin maraqlarını müdafiə etməsi və dəstəkləməsi dünyadakı mövcud siyasi konyukturada çox mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, xarici siyasət strategiyasının düzgün müəyyənləşdirilməsi və icrası coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir.

Azərbaycanın BMT və Qoşulmama Hərəkatı çərçivəsində yaxın dostluq münasibətləri qurduğu dövlətlərdən biri də Konqo Respublikasıdır. Cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri, ölkələr arasında həm siyasi, həm iqtisadi əlaqələrin qurulması, həm də tarixdə ilk dəfə olaraq Konqo Respublikası Prezidentinin Azərbaycana səfər etməsi baxımından əlamətdar və tarixi hadisədir.

İki ölkə arasında imzalanan sənədlərin – “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” – çərçivəsi və mahiyyəti ölkələr arasında münasibətlərin yaxın gələcəkdə yeni bir mərhələyə daşınacağını deməyə əsas verir.

Mütəmadi olaraq öz çıxışlarında Azərbaycanın geniş yanacaq ehtiyatları postensialına malik bir ölkə olmasına baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsinin önəminə və Azərbaycanının bir çox istiqamətlərdə, o cümlədən alternativ enerji istehsalı, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə geniş postensialı olduğuna diqqət çəkən Cənab Prezident, bir sıra sahələrin inkişafı üzrə artıq işlər görüldüyünü və bəziləri üzrə isə onların potensial imkanlarının hesablanaraq çox yaxın gələcəkdə dəyərləndiriləcəyini və işlərə başlanacağını və bütün bu istiqamətlərin ölkənin maliyyə imkanlarını genişləndirəcəyini vurğulayıb.

Konqo Respublikasının Prezidenti ilə görüşdə məhz bu faktorun önəmini nəzərə alaraq iki ölkə arasında davamlı iqtisadi əlaqələrin qurulmasının vacibliyini bildirən Cənab Prezident potensial inkişaf istiqamətlərinə toxunaraq, iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparıldığını, Azərbaycanın Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrində olduğunu, kənd təsərrüfatı sahəsində, bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlərin mövcud olduğunu və bununla bağlı nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verildiyini bildirdi.

Mətbuata açıqlaması zamanı neokolonializmə qarşı mübarizənin əhəmiyyətinə də toxunan Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neokolonializmə qarşı mübarizənin Azərbaycanın prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə görülmüş və davam etdirilən işlərə də toxundu: “Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır.”

Hakimiyyətə gəldiyi ilk illərdən ölkənin xarici siyasət strategiyasının düzgün şəkildə formalaşdırılmasını qarşıya mqəsəd qoyan və buna nail olan Cənab Prezidentin xarici siyasət strategiyasının uğurlu olmasının sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə çevrilməyə nail olmuşdur.

İndiyədək görülən bütün bu işlər, bundan sonra da Azərbaycanın Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyində beynəlxalq münasibətlərdə yeni-yeni nailiyyətlərə imza atacağına bir daha əminlik yaradır.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov