Azərbaycan Respublikası ilə
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər
uzun illər ərzində qarşılıqlı hörmət, siyasi dialoq və ortaq maraqlar əsasında
inkişaf edərək yeni strateji mərhələyə qədəm qoyur. 2026-cı il noyabrın
12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi
Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə
Bəyannamə” bu münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm
siyasi sənəd kimi diqqət çəkir. Bu Bəyannamə iki dövlət arasında münasibətlərin yalnız mövcud səviyyəsinin
təsdiqi deyil, həm də əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə yönəlmiş
siyasi iradənin ifadəsidir. Sənəd 1994-cü il fevralın 23-də
imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci
il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə
Bəyannaməyə əsaslanır. Bu isə göstərir ki, Azərbaycan–Böyük Britaniya münasibətləri
təsadüfi siyasi yaxınlaşma deyil, uzunmüddətli əməkdaşlıq təcrübəsinə söykənən
ardıcıl və davamlı tərəfdaşlıq modelidir.
Yeni
Bəyannamənin əsas siyasi məqamlarından biri beynəlxalq hüququn fundamental
prinsiplərinə sadiqliyin bir daha təsdiqlənməsidir. Tərəflər BMT Nizamnaməsinə,
dövlətlərin suverenliyi və müstəqilliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsiplərinə əsaslanan münasibətlərin
davam etdirilməsini vacib hesab edirlər.
Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prioritetləri ilə
uzlaşır. Ölkəmiz beynəlxalq münasibətlər sistemində dövlətlərin suveren bərabərliyi,
ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinin qorunmasını ardıcıl
şəkildə müdafiə edir. Böyük Britaniya ilə imzalanmış yeni strateji sənəddə də
bu prinsiplərin ön plana çəkilməsi ikitərəfli münasibətlərin hüquqi və siyasi əsaslarının
möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda
keçirilmiş Sülh Zirvəsinin əhəmiyyətinin vurğulanması da xüsusi diqqətə
layiqdir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması
istiqamətində atılan addımların alqışlanması və Böyük Britaniyanın bu prosesə dəstəyinin
təsdiqlənməsi Londonun Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına verdiyi
əhəmiyyəti nümayiş etdirir. Azərbaycan üçün regional sülh yalnız münaqişələrin
başa çatması deyil, həm də yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması,
dövlətlər arasında etimadın formalaşması və regionun beynəlxalq əməkdaşlıq məkanına
çevrilməsi deməkdir. Bu baxımdan Böyük Britaniya ilə strateji tərəfdaşlığın
möhkəmlənməsi Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyinə beynəlxalq dəstəyin
genişlənməsi baxımından da əhəmiyyət daşıyır.
Müasir
beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərarası əməkdaşlığın
əsas istiqamətlərindən birinə çevrilib. Geosiyasi rəqabət, regional münaqişələr,
transsərhəd təhdidlər və yeni təhlükəsizlik çağırışları ölkələri müdafiə və təhlükəsizlik
sahəsində daha sıx əməkdaşlığa sövq edir.
Bəyannamədə müdafiə və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi
ayrıca istiqamət kimi müəyyənləşdirilib. Tərəflər təlim, potensialın
artırılması, qarşılıqlı fəaliyyət imkanlarının inkişafı və müdafiə sənayesi sahəsində
əməkdaşlıq perspektivlərinin araşdırılması barədə razılığa gəliblər. Bununla
yanaşı, hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın genişləndirilməsi, sərhəd
idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq məsələləri də sənəddə öz əksini
tapıb. Bu, tərəfdaşlığın yalnız hərbi və siyasi təhlükəsizliklə məhdudlaşmadığını,
həm də institusional dayanıqlılığın və hüququn aliliyinin möhkəmləndirilməsini əhatə
etdiyini göstərir.
Azərbaycan
ilə Böyük Britaniya arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri iqtisadi
münasibətlərin inkişafıdır. Yeni Bəyannamədə ticarət və investisiyaların genişləndirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, infrastruktur, xidmətlər və bərpaolunan enerji
sahələrində uzunmüddətli tərəfdaşlıqların qurulması əsas prioritetlər sırasında
yer alır. Xüsusilə
Orta Dəhlizin inkişafına verilən dəstək sənədin geosiyasi və iqtisadi əhəmiyyətini
artırır. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və
logistika qovşağı kimi regional bağlantıların genişləndirilməsində xüsusi
mövqeyə malikdir. Böyük Britaniyanın bu istiqamətdə əməkdaşlığa maraq göstərməsi
Azərbaycanın tranzit potensialının beynəlxalq miqyasda daha səmərəli
reallaşdırılması üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, enerji təhlükəsizliyi və yaşıl
enerji keçidi üzrə əməkdaşlıq perspektivləri də xüsusi əhəmiyyət daşıyır. Ənənəvi
enerji sahəsində formalaşmış əməkdaşlıq təcrübəsinin bərpaolunan enerji, aşağı
karbonlu texnologiyalar və yaşıl maliyyələşdirmə istiqamətlərində genişləndirilməsi
iki ölkənin iqtisadi münasibətlərinə yeni məzmun qazandıra bilər.
Bəyannamənin
diqqət çəkən cəhətlərindən biri də təhsil, elm, innovasiya və rəqəmsal
transformasiyanın strateji əməkdaşlığın ayrılmaz hissəsi kimi müəyyən edilməsidir. Ali təhsil, peşə
hazırlığı, rəqəmsal bacarıqlar, süni intellekt, elmi tədqiqatlar və texnoloji
innovasiyalar üzrə əməkdaşlıq Azərbaycanın iqtisadi modernləşmə və insan
kapitalının inkişafı hədəflərinə uyğun gəlir. Universitetlər, elmi-tədqiqat
institutları və sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi isə
bu istiqamətdə praktiki nəticələr əldə edilməsinə şərait yarada bilər. İnsanlararası
əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin təşviqi də tərəfdaşlığın
uzunmüddətli xarakterini gücləndirən amillərdəndir. Çünki dövlətlər
arasında davamlı münasibətlər yalnız rəsmi siyasi dialoqla deyil, həm də cəmiyyətlər
arasında qarşılıqlı anlaşma və etimadla möhkəmlənir.
Azərbaycan
ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin siyasi və institusional əsaslarını
müəyyən edir. Sənədin əhəmiyyəti onun müdafiə və təhlükəsizlikdən
iqtisadiyyata, enerji əməkdaşlığından təhsilə, rəqəmsal innovasiyalardan
regional bağlantılara qədər geniş istiqamətləri əhatə etməsindədir. Bu tərəfdaşlıq Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, regional sülh gündəliyinin dəstəklənməsi
və iqtisadi imkanlarının genişləndirilməsi baxımından mühüm perspektivlər vəd
edir. Ən əsası, yeni Bəyannamə Azərbaycan–Böyük Britaniya münasibətlərinin
tarixi təcrübədən gələcəyə istiqamətlənən, qarşılıqlı maraqlara və strateji
baxışa əsaslanan əməkdaşlıq modelinə çevrildiyini nümayiş etdirir. Yeni
strateji tərəfdaşlıq iki ölkənin qarşılıqlı maraqlarını uzlaşdırmaqla yanaşı, dəyişən
beynəlxalq şəraitdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır. Bu
münasibətlərin gələcək inkişafı Azərbaycan–Böyük Britaniya əlaqələrinin həm
regional, həm də beynəlxalq miqyasda əhəmiyyətini daha da artıracaq.
Rüstəmova Aybəniz Vilayət
qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının
müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent