Azərbaycan bu gün dünyada qurub-yaradan ölkə kimi kimi tanınır

Bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.

Prezident cənab İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bütün bu tikinti-quruculuq layihələrinin uğurla reallaşdırılması xüsusi diqqət çəkib. Yeri gəlmişkən, ölkə rəhbəri “İstisu” sanatoriyasının təməlqoyma mərasimindəki çıxışında indiki  səfərin həm də təsadüfi olmadığını bildirərək, bunu Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmaq, yeni yaradılmış komando qüvvələri ilə belə bir şərəfli təqvimi qeyd etmək istəyilə əlaqələndirib: “Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə-Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, müzəffər ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”.

Prezident cənab İlham Əliyevin çıxışında vurğulandığı kimi, ölkə rəhbəri bu səfərdən, eyni zamanda,   bir fürsət kimi istifadə edərək, son bir il ərzində burada görülmüş işlərlə də tanış olub. Bölgənin bərpası ilə əlaqədar verdiyi tapşırıqların icrası ilə maraqlanıb. Həmçinin Kəlbəcər və Laçının gələcək inkişafı ilə bağlı hansı layihələrin reallaşdırılacağını müəyyənləşdirib.  
Dövlətimizin başçısı səfər çərçivəsində adları çəkilən rayonların hərbi cəhətdən müdafiəsinin möhkəmləndirilməsinə, sosial-iqtisadi infrastrukturun qurulmasına  daha çox diqqət yetirilməsini ərazinin çətin dağ relyefi ilə bağlayıb: “Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir”, - deyə ölkə rəhbəri bildirib. 
Həqiqətən də, istər Laçına, istərsə də Kəlbəcərə yol infrastrukturunun qurulmasının tam başa çatdırılmaması səbəbindən gediş-gəliş müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, bu ərazilərdə qısa zaman ərzində genişmiqyaslı işlər görülüb. Məsələn, keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 belə stansiyanın istifadəyə verilməsi nəzərdə tutulub. İstismarda olan stansiyaların normal fəaliyyəti bölgənin ümumi enerji gücünü artırıb. Bu, eyni zamanda, bərpaolunan enerji növlərinin həcminin yüksəlməsini şərtləndirib.  
Kəlbəcər və Laçın rayonlarında yol təsərrüfatının qurulmasına da xüsusi əhəmiyyət verilir. Elə bunun nəticəsidir ki, hazırda bölgədə 10-dan çox tunel inşa edilir. Onların arasında uzunluğu təxminən 12 kilometr olacaq Murov dağının altından çəkilən tunel daha çox diqqət çəkir. Bu, nəhəng infrastruktur Kəlbəcərə gediş-gəlişi asanlaşdırmaq baxımından mühüm önəm daşıyır. Ölkə rəhbərinin vurğuladığı kimi, belə bir tunel həm mülki əhali, həm hərbçilər, həm də müdafiə nöqteyi-nəzərdən zəruridir. 

Dövlətimizin başçısına Kəlbəcərə səfəri zamanı şəhərin Baş planı da təqdim edilib. Ölkə rəhbəri bu plan hazırlanarkən,  Kəlbəcər şəhərinin təbiətə sıx inteqrasiya olunması, bu özünəməxsus füsunkar məkanın park-şəhərə çevirilməsi kimi amillərin önə çəkildiyini bildirib. 

Prezident cənab İlham Əliyev çıxışında daha sonra Kəlbəcərin layihələndirilməsi ilə bağlı deyib: “Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”.

Xatırladım ki, dövlətimizin başçısı səfər çərçivəsində sosial və hərbi  obyektlərin açılışlarında, həmçinin Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimlərində iştirak edib, habelə digər layihələrin icra vəziyyəti ilə maraqlanıb.  Adları çəkilən muzeylərin inşasının mühüm əhəmiyyəti ilə bağlı isə deyib: “Bu gün, eyni zamanda, Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə mənim göstərişimlə İşğal və Zəfər muzeyləri inşa edilməlidir. Artıq bir neçə şəhərdə layihələr təsdiqlənib. Bu gün Kəlbəcər şəhərində də bu layihə təsdiqləndi və təməl daşı atıldı”.

Prezidet cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə İşğal və Zəfər muzeylərinin yaradılması deyərdim ki, gələcək nəsillərin erməni faşizminin işğal dövründə Azərbaycanın bu dilbər guşələrini necə xaraba qoymalarını unutmamaları məqsədi daşıyır. 

Ölkə rəhbəri nitqində vurğulayıb ki, düşmən 30 il işğalda saxladığı bu torpaqları viran qoyub, şəhər və kəndləri xarabalığa çevirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, sanki burada vəhşi qəbilə yaşayıb. Bu qəbilə ancaq dağıtmaq, sökmək və yandırmaqla məşğul olub.  

Azərbaycan xalqı isə bu gün Qarabağ və Şərqi Zəngəzuru yenidən bərpa etməklə dünyada qurub-yaradan xalq kimi tanınır. İndi tamamilə dağılmış 10 min kvadratkilometr əraziyə  yeni həyat verilməsi, gülüstana çevrilməsi də məhz bunun parlaq ifadəsidir.   


İftixar PİRİYEV,
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru