Qlobal qeyri-müəyyənliklər fonunda yeni geosiyasi düzən və Azərbaycanın artan strateji rolu

Qlobal siyasi mühitin sürətlə dəyişdiyi, qeyri-müəyyənliklərin artdığı bir dövrdə beynəlxalq platformaların əhəmiyyəti daha da yüksəlir.

Məhz belə bir mərhələdə Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu artıq qısa zaman ərzində ən mühüm siyasi dialoq məkanlarından birinə çevrilib. 

Forumun “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” kimi müəyyənləşdirilmiş mövzusu isə təsadüfi deyil. Bu, hazırkı beynəlxalq münasibətlər sisteminin əsas dilemmasını ifadə edir. Başqa sözlə, dəyişən güc balansı fonunda sabitliyi necə qorumaq olar?

Beşinci dəfə təşkil olunan bu forum təkcə geniş iştirak coğrafiyası ilə deyil, həm də müzakirə olunan məsələlərin çəkisi ilə seçildi. Dünyanın müxtəlif regionlarından dövlət və hökumət başçılarının, xarici siyasət rəhbərlərinin iştirakı Antalyanı faktiki olaraq yeni geosiyasi ideyaların formalaşdığı məkana çevirir. Bu mənada forum artıq sadə konfrans deyil, qlobal gündəliyin müəyyənləşdirildiyi platformadır.

Belə bir nüfuzlu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin beynəlxalq sistemdəki yerini açıq şəkildə nümayiş etdirdi. Azərbaycanın son illərdə qazandığı siyasi, iqtisadi və hərbi nəticələr bu statusun əsasını təşkil edir. 

Forum çərçivəsində baş tutan görüşlər xüsusilə diqqət çəkdi. Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüşlər Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Bu əlaqələr artıq yalnız tarixi və mədəni bağlarla məhdudlaşmır, eyni zamanda regional təhlükəsizlik, enerji siyasəti və nəqliyyat layihələri üzərindən formalaşan strateji ittifaqa çevrilib. 

“Bir millət, iki dövlət” prinsipi artıq şüar deyil, real siyasi mexanizmə əsaslanan, regionda güc balansını müəyyən edən faktordur. Xüsusilə Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri institusional müstəviyə keçirərək regional təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevirdi. 

Bu kontekstdə Türk dünyası amili də xüsusi önəm daşıyır. Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər regionda siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsinə xidmət edir. 

Türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız deklarativ xarakter daşımır, ortaq layihələr, nəqliyyat və enerji dəhlizləri, rəqəmsal inteqrasiya və təhlükəsizlik sahəsində konkret mexanizmlərlə möhkəmlənir. 

Bu prosesdə Azərbaycan xüsusi fəallıq göstərərək ortaq strateji gündəliyin formalaşmasında aparıcı aktorlardan biri kimi çıxış edir. Antalya Diplomatiya Forumu kimi qlobal platformalarda bu əməkdaşlıq modeli artıq beynəlxalq auditoriyaya da təqdim olunur və Türk dünyasının artan geosiyasi çəkisini nümayiş etdirir. 

Antalya Forumu məhz bu güc modelinin beynəlxalq təqdimatı kimi çıxış etdi. Prezident İlham Əliyevin çıxışlarında və görüşlərində diqqət çəkən əsas məqam Azərbaycanın artıq “post-münaqişə ölkəsi” kimi deyil, “postmünaqişə düzənini quran aktor” kimi çıxış etməsidir. 

Bu, yalnız ritorika deyil, enerji layihələri, nəqliyyat dəhlizləri və sülh təşəbbüsləri ilə müşayiət olunan real siyasətdir. Antalya mesajı isə açıq idi: Ankara və Bakı regionun gələcək siyasi arxitekturasında aparıcı rol oynayır.

Bu kontekstdə forumun digər mühüm xətti Azərbaycan–Pakistan münasibətlərinin güclənməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Forum çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşü Azərbaycan–Pakistan xəttinin artan geosiyasi əhəmiyyətini ortaya qoydu. 

Bu münasibətlər artıq klassik diplomatik tərəfdaşlıqdan kənara çıxaraq, qarşılıqlı siyasi dəstək və təhlükəsizlik əməkdaşlığı ilə zənginləşən modelə çevrilib. Bu xəttin genişlənməsi İslam dünyasında yeni koordinasiya imkanları yaradır. 

Antalya platformasında aydın görünən yeni geosiyasi xətt formalaşır: Ankara–Bakı–İslamabad üçbucağı. Bu üçlük müxtəlif regionları birləşdirərək yeni əməkdaşlıq arxitekturası yaradır və qlobal güc balansında alternativ mərkəz kimi çıxış edir. 

Forum çərçivəsində müxtəlif dövlətlərin nümayəndələri ilə keçirilən görüşlər isə Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasət modelini təsdiqləyir. Bakı müxtəlif geosiyasi bloklarla paralel əməkdaşlıq quraraq çevik diplomatik xətt yürüdür. 

Ümumilikdə, Antalyadan görünən mənzərə aydındır: 

Azərbaycan diplomatiyası yeni mərhələyə qədəm qoyub və bu mərhələdə əsas xüsusiyyət təşəbbüs, çeviklik və strateji baxışdır. Bununla yanaşı, Azərbaycan artıq Avropa üçün mühüm enerji tərəfdaşı, Avrasiya məkanında isə nəqliyyat qovşağı kimi qəbul olunur. 

Ölkənin təşəbbüskarı olduğu layihələr, o cümlədən Zəngəzur dəhlizi kimi strateji planlar regional əməkdaşlığın yeni mərhələsini formalaşdırır. Bu təşəbbüslər təkcə iqtisadi deyil, həm də siyasi inteqrasiyanı gücləndirən amillər kimi çıxış edir. Forumun əsas əhəmiyyəti həm də ondan ibarətdir ki, burada münaqişədən sonrakı dövrdə formalaşan yeni reallıqlar beynəlxalq ictimaiyyətə təqdim olunur. 

Azərbaycan bu platformada sülh gündəliyini, bərpa-quruculuq prosesini və regional əməkdaşlıq təşəbbüslərini geniş auditoriyaya çatdırmaq imkanı əldə edir. Bu baxımdan, Antalya Diplomatiya Forumu qlobal dialoqun yeni ünvanlarından biri kimi çıxış edir. 

Bu gün Antalyada formalaşan siyasi dinamika sabahın beynəlxalq münasibətlər sisteminin əsas konturlarını müəyyən edir. Bu forum bir daha göstərdi ki, Azərbaycan yalnız iştirakçı deyil, beynəlxalq münasibətlər sistemində aktiv oyunçu və yeni geosiyasi reallıqların formalaşmasında söz sahibi olan dövlətdir.

Digər tərəfdən, Azərbaycan artıq təkcə öz təhlükəsizliyini təmin edən dövlət deyil, həm də regionda sabitliyin qurulmasına yön verən gücdür. Antalyada səslənən sülh çağırışları və bir neçə gün əvvəl Prezident İlham Əliyevin Gürcüstana səfəri, Tbilisidə aparılan müzakirələr bir-birini tamamlayır. 

Bir tərəfdən, qlobal platformada Azərbaycanın sülh təşəbbüsləri təqdim olunur, digər tərəfdən isə region daxilində konkret əməkdaşlıq mexanizmləri qurulur. Bu, diplomatiyanın yalnız bəyanatlarla deyil, real siyasi addımlarla müşayiət olunduğunu göstərir. 

Bu xəttin mərkəzində isə bir fikir dayanır - Cənubi Qafqaz rəqabət və qarşıdurma məkanı yox, əməkdaşlıq və inteqrasiya platformasına çevrilməlidir. Prezident İlham Əliyevin Gürcüstana səfəri bu baxımdan xüsusi məna daşıdı.

Azərbaycan və Gürcüstan uzun illərdir ki, regionun iqtisadi və nəqliyyat sütunlarını birlikdə formalaşdıran iki əsas dövlətdir. Enerji layihələri, tranzit marşrutları və kommunikasiya xətləri bu əməkdaşlığın praktik nəticələridir. 

Bu gün isə həmin əməkdaşlıq yeni mərhələyə keçir, siyasi koordinasiya və regional təhlükəsizlik müstəvisində daha dərin məzmun qazanır. Bu kontekstdə Azərbaycanın rolu daha aydın görünür. 

Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqlar Bakını regionda yeni düzənin əsas memarlarından birinə çevirib. Bu isə hər dövlətə nəsib olmayan strateji üstünlükdür.

Emin Hacıyev, iqtisad elmləri namizədi