Azərbaycan bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi

Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə, böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı ordusu düşmənə diz çökdürdü.

44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.

Noyabrın 8-də isə Azərbaycanın tarixi şəhəri Şuşaya erməni işğalçılarından təmizləndi. Şuşa Qarabağ münaqişəsinin kilid şəhəri hesab edildiyindən artıq Ermənistanın müharibəni davam etdirməsinin anlamı qalmamışdı. Beynəlxalq hərbi və siyasi ekspertlər də artıq İrəvanın təslim olmasını daha məqsəduyğun hesab edirdilər. Lakin buna baxmayaraq erməni həbçiləri müqaviməti davam etdirdi. Bu isə Azərbaycan Ordusunun separatçı rejimin inzibati mərkəzi hesab edilən Xankəndinin 2-3 kilometrliyinə çatmasına səbəb oldu.

Digər tərəfdən, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı.

Şuşanın işğaldan azad edilməsi və döyüşlərin artıq Xankəndi yaxınlığında getməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır.

Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri atəşin dayandırlması barədə bəyanat imzaladı. Bu sənəd mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır ki, belə də oldu.

Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri