Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

“Dövlət başçısı İlham Əliyevin Çinin CGTN (ChinaGlobalTelevisionNetwork) televiziya kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər, müsahibə zamanı verilən mesajlar regionun və dünyanın enerji sahəsində inkişafı ilə yanaşı etibarlı tərəfdaş kimi Azərbaycanın resurslarından səmərəli istifadəsinə hesablanıb”. Bunu YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı Mətanət Səfərli deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələri dünyanın diqqət mərkəzindədir: “Bir sıra beynəlxalq iqtisadi təşkilatlar yaxın illərdə iqtisadi sferada ciddi dönüşlərin olacağını, enerji layihələrinin dərinləşməsi və alternativ enerji mənbələrindən istifadə məsələlərini gündəmə gətirirlər. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi qlobal layihələr xüsusi əhəmiyyət kəsb edir. Avropanın enerji təminatından etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan artan tələbatı qarşılamaq üçün yeni imkanlardan istifadə edir. Bu da yeni enerji layihələrinin həyata keçirilməsi, regionda bu layihələrin qarantı kimi təhlükəsizliyin bərqərar olmasıdır. Qarabağ probleminin həlli bu istiqamətdə önəmli addım olsa da Ermənistanın 10 Noyabr Bəyanatında göstərilən bəndlərə hələ də əməl etməməsi regionun inkişafına ciddi problem yaradır”.
M.Səfərli onu da deyib ki, müsahibədə bir sıra məqamlara toxunan Dövlət başçısı Azərbaycan-Çin ikitərəfli münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb ki, bu da indiki məqamda xüsusi əhəmiyyət kəsb edən məsələdir: “Bildiyiniz kimi Çin dünya iqtisadiyyatında xüsusi yeri və rol olan ölkələr arasındadır. Azərbaycanın da Çinlə iqtisadi və siyasi əlaqələri mövcuddur. Azərbaycanın böyük İpək Yolunun üzərində yerləşməsi bu əlaqələrin tarixi keçmişindən xəbər verir. Eyni zamanda müstəqilliyimizin ilk illərində Çinlə həm siyasi həm iqtisadi əlaqələr qurulub. Bu gün hakim Yeni Azərbaycan Pariyası da Çin Kommunist Partiyası ilə əməkdaşlıq edir. Hər iki partiya arasında əlaqələrin inkişafı, münasibətlərin dərinləşməsi təcrübə mübadiləsinin aparılması Azərbaycan-Çin münasibətlərinə də təsirsiz ötüşməyib”.
M.Səfərli onu da qeyd edib ki, Azərbaycan investisiya mühiti baxımdan əlverişli ölkədir: “Cənab Prezident İlham Əliyev müsahibəsində bu məsələyə xüsusi olaraq toxundu. Qeyd etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin biz investorları gəlməyə məcbur edə bilmərik. Bunun fonunda investorların ölkəmizə cəlbi istiqamətində son zamanlarda atılan addımlar təqdirə layiqdir. Biz bunu Davos İqtisadi Forumu zamanı keçirilən görüşlər zamanı da gördük ki, bir sıra nüfuzlu şirkətlər Azərbaycana investisuya yatırmaqda maraqlıdır”.