Azərbaycan diasporu yeni inkişaf mərhələsində

Son illər xaricdəki Azərbaycan icmaları ilə intensiv görüşlərin keçirilməsi, konkret fəaliyyət mexanizmlərinin mövcudluğu diasporun inkişafına ciddi təkan verib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Macarıstanda yaşayan Azərbaycan icması ilə görüşündə diasporun inkişaf konsepsiyası, qlobal dünya düzəninə uyğun fəaliyyət prinsipləri müzakirə olunub. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən, Vətən müharibəsində qazanılan şanlı Zəfərin 5-ci ildönümünə həsr olunan görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin müasir dövrün tələblərini özündə ehtiva etdiyini və dünya azərbaycanlılarının birləşməsini daha da sürətləndirdiyini diqqətə çatdıran sədr komitənin layihələri barədə məlumat verib.

Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə diasporun fəaliyyətini yüksək qiymətləndirib, icmalaşma prosesinin sürətləndiyini ifadə edib.

Budapeştdə Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabat çıxışı edib, evin icma daxilində və icma ilə yerli cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən danışıb, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.

İcma üzvləri Azərbaycan diasporunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ictimai-siyasi istiqamətlərdə uğurlar qazandığını bildirib, beyin axını və beyinqazanma mövzularına toxunub, perspektivə dair təkliflər veriblər.

İcma görüşündə soydaşlarımızla yanaşı, Azərbaycan Evindəki həftəsonu məktəbində dilimizi öyrənən macarlar da iştirak edib.

Tədbirdə soydaşlarımıza təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Görüş diaspor üzvlərinin ifalarından ibarət bədii hissə ilə yekunlaşıb.