“Azərbaycan erməni faşizminin baş qaldırımasına imkan verməyəcək”

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Ermənistan Azərbaycanla sərhəddə irimiqyaslı təxribata cəhd edib. Düşmən təxribatının qarşısı Azərbaycan Silahlı Qüvvələri  tərəfindən qətiyyətlə alınıb, düşmən canlı qüvvə və texnika baxımından ciddi itkilər verib.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bildirib ki, Ermənistan təxribatlardan, terror siyasətindən əl çəkmədiyi təqdirdə, daha böyük itkilərlə üz-üzə qalacaq:  “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək və bölgədə sülhün, sabitliyin bərqərar olması üçün əlindən gələni edəcək. Sentyabrın 12-də irimiqyaslı erməni təxribatına ordumuzun verdiyi layiqli cavab bunu bir daha sübut edir. Bu hadisə bir daha göstərir ki, Ermənistan öz təxribatçı niyyətlərindən əl çəkmiş deyil və regionda vəziyyəti gərginləşdirməyə çalışır. Ancaq Ermənistan anlamalıdır ki, terror, təxribat vasitəsi ilə heç nəyə nail ola bilməyəcək. Əgər Ermənistan bundan sonra da təxribatlara əl atarsa, yenə də çoxsaylı itkilər, ağır məğlubiyyətlərlə qarşılaşacaq. Azərbaycan bölgədə sülhün, sabitliyin bərqərar olmasında maraqlıdır və Ermənistanın buna mane olmaq cəhdləri onun özü üçün ağır nəticələrə səbəb olacaq.

Ermənistan hərbi-siyasi rəhbərliyi,o cümlədən erməni cəmiyyətindəki revanşist qüvvələr  44 günlük Vətən müharibəsindəki məğlubiyyətləri ilə barışmalı və təxribatlardan əl çəkməlidir. Əks-təqdirdə, Azərbaycan Ordusunun cavab addımları sarsıdıcı və ölümcül olacaqdır”.