Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətindədir

 Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan ordusu həll etdi. Vətən müharibəsi işğalçı Ermənistanın məğlubiyyəti ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə çoxsaylı səfərlərində 28 il müddətində erməniliyin törətdiklərini, müqayisəyəgəlməz vəhşiliklərini faktlarla, görüntülərlə dünya ictimaiyyətinə çatdırır.

Bu, Azərbaycan həqiqətlərinə - ermənilərin Azərbaycanın timsalında bəşəriliyə düşmənçiliyinə inanananların da, inanmağa tərəddüd edənlərin də düşüncələrində tərpəniş yaradır. Bu, özlüyündə işğal olunmuş rayonlarda onlarla mədəni-tarixi abidəni məhv edən, onlarla şəhəri, qəsəbəni, yüzlərlə kəndi dağıdan erməniliyin mahiyyətinin əhatəli dərk edilməsində əhəmiyyətli olur. Müxtəlif beynəlxalq təşkilatların təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərə səfərlər də erməni vandalizminin miqyasının, necəliyinin ictimailəşdirilməsi baxımından gərəkli olur.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdam şəhərinə səfəri də Ermənistanın işğalçılıq siyasətinin, erməniliyin yeni, müxtəlif dövlətlərdə müxtəlif səviyyəli etirafı ilə nəticələnəcəkdir.
Mən həm bir vətəndaş kimi, həm də Milli Məclisin üzvü kimi belə tədbirləri alqışlayıram.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı