"Azərbaycan ikişaf dinamikasına görə dünya miqyasında fərqlənir"

Müsahibimiz Milli Məclisin deputatı Mahir Abbaszadədir

- Mahir müəllim, son illər Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır. Ölkəmizin ötən 18 ildə keçdiyi yola nəzər salarkən bu illəri necə xarakterizə etmək olar?

-Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və tərəqqi kursu bu gün bütövlükdə müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızla hesablaşırlar. Bütün bunlar həm də onu göstərir ki, 2003-cü ilin oktyabrında xalqın yüksək etimadını qazanaraq Prezident səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyev ötən dövrdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında köklü dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu islahatlar tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi məqsədləri özündə ehtiva etmişdir.  Müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında Ulu Öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında son 18 ildə uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı ən müxtəlif maneələrə, çətinliklərə sinə gərir. Prezident İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü lider olaraq ötən müddətdə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirmişdir. Cənab İlham Əliyevin Ümummilli Liderimizin inam və etimadını doğrultmasının zirvə nöqtəsi 8 Noyabr – Zəfər Günüdür. Həmin gün Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi Şuşa şəhəri azad edildi. Cənab Prezident bu xəbəri xalqımıza elan edərkən bildirdi ki, Heydər Əliyevin məzarını ziyarət edib və ata vəsiyyətini yerinə yetirib. Ancaq cənab İlham Əliyevin Ulu Öndərin inam və etimadını doğrultması təkcə Zəfərimizlə məhdudlaşmır. O, Prezidentliyi dövründə hər gün, hər sahədə həmin inam və etimadı doğrultmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə bir çox dağıdılmış məscidlər, dini-tarixi abidələrimiz, müqəddəs ocaqlarımız təmir olunur, öz əvvəlki görkəmlərinə qaytarılır. Bu, Prezident İlham Əliyevin həm də milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının təzahürüdür.

-Hazırda Azərbaycanın regionda və beynəlxalq aləmdəki durumunu necə qiymətləndirərdiniz?

-Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir. Siyasi liderin fəaliyyətinin istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda qiymətləndirilməsi zamanı ən obyektiv istinad yeri onun gördüyü işlərdir. Prezident İlham Əliyev Brüsseldə növbəti dəfə siyasi uğurlara imza atdı. İstər NATO-nun Baş katibi Yens Stoltenberq, istərsə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşün nəticələri onu deməyə əsas verir ki, ölkə başçımız Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və müdrik siyasəti nəticəsində Azərbaycanın irəli sürdüyü bütün təkliflər qəbul edildi.  Ən əsası odur ki, ölkəmizin mövqeyi dəstəkləndi. Brüssel görüşlərində də şərtləri diktə edən tərəf Azərbaycan oldu.

Cənab İlham Əliyevin bəyan etdiyi kimi, son illərdə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli ider Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, «Ümid», «Abşeron» və digər perspektivli qaz yataqlarının kəşfi, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan Cənub Qaz Dəhlizi» layihəsinin, onun seqmentləri olan TANAP, TAP layihələrinin gerçəkləşdirilməsi, son bir ildə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar bu baxımdan xüsusi qeyd olunmalıdır.

-Bugünümüzün uğurları qarşıdaki illər üçün hansı hədəfləri açıqlayır?

- Hazırda biz tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq.  Bu işlərin miqyasını təsəvvür etmək üçün onu demək kifayətdir ki, artıq bir il ərzində Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının inşası davam edir. Xüsusən Laçın hava limanı çətin coğrafi relyefdə yerləşir. Bundan əlavə Füzulidən Şuşaya Zəfər yolu çəkilib, artıq yaxın həftələrdə məcburi köçkünlərimizin 30 illik həsrətdən sonra Zəngilanın Ağalı kəndinə ilk qayıdışı baş tutacaq. Murovdağda Kəlbəcərə salınan yeni yol üzərində tunellərin çəkilişi də büdcəmizin miqyası haqqında təsəvvürlər əldə etməyə kömək edir.

Düşünürəm ki, bu, hələ son deyil. Növbəti ildə yenidənqurma və bərpa işləri daha geniş miqyasda davam edəcək. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə 2022-ci il dövlət büdcəsində 2.2 milyard manat nəzərdə tutulub.  Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti müstəqillik tariximizdə ilk dəfə bərpa etmişik. Burada müvafiq sərhəd infrastrukturunun yaradılması və sərhəd xidmətinin normal fəaliyyətinin təmin edilməsi üçün vəsaitlər xərclənir. Hərbi qüdrətimizin yüksək səviyyədə saxlanması da dövlətin prioritetləri sırasındadır.

Eyni zamanda, dövlət büdcəmiz sosial yönümlü olmaqda davam edəcək, əhalinin əməkhaqqı və gəlirləri də artacaq. Belə işlərin siyahısını çox uzatmaq olar. Əsas mahiyyət ondan ibarətdir ki, regionda və dünyada yaranan problemlərə və mənfi tendensiyalara, o cümlədən pandemiyanın yaratdığı əngəllərə və dünya birjalarında neft və qaz qiymətlərində qeyri-stabilliyə baxmayaraq Azərbaycanda ölçülüb-biçilmiş surətdə yürüdülən səmərəli iqtisadi siyasət ölkəmizin qüdrətini artırmağa xidmət edir. Ümumiyyətlə, respublikamızda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin Prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.