Azərbaycan ilə Macarıstan arasında etibarlı strateji tərəfdaşlıq qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığa əsaslanır - Heydər Əsədov

Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verdiyi bəyanat iki ölkə arasında möhkəm dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin daha da dərinləşdiyini bir daha təsdiqləyir.

Azərbaycan ilə Macarıstan tarixi və milli dəyərlərə sadiqliyi, suverenliyin qorunmasına yönəlmiş qətiyyətli mövqeyi ilə fərqlənir. Əhalisinin sayı və ərazi baxımından bənzər göstəricilərə malik olan bu ölkələr açıq dənizlərə çıxışı olmayan dövlətlər kimi oxşar geosiyasi reallıqlarda fəaliyyət göstərirlər. Eyni zamanda, hər iki ölkə müharibə vəziyyətində olan dövlətlərlə qonşudur ki, bu da onların təhlükəsizlik və siyasi gündəliklərinə ortaq çağırışlar yaradır. Bütün bu amillər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının aktuallığını daha da artırır.

İki ölkə arasında strateji tərəfdaşlıq müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığa əsaslanır. Enerji sahəsində işbirliyi qarşılıqlı faydalı və strateji xarakter daşıyır. Macarıstan şirkətləri ölkəmizin aparıcı enerji layihələri olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də pay sahibidir. Gələn ilin əvvəlində Macarıstan şirkətləri Azərbaycanın quruda yerləşən neft yataqlarında fəaliyyətə başlayacaq. Ölkəmiz artıq Macarıstana təbii qaz ixracına start verib və bu istiqamətdə tədarük həcmləri mərhələli şəkildə artırılır. Hazırda Azərbaycan 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə qaz ixrac edir. Avropa Komissiyası ölkəmizi Pan-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş kimi tanıyır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir: “Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.

Azərbaycan ilə Macarıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmətə və etimada əsaslanır. Hər iki ölkə milli maraqları ön planda tutan müstəqil siyasət yürüdür və bu yanaşma onların strateji əməkdaşlığını daha da gücləndirir. Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi bu dost ölkə tərəfindən dətsəklənir. Postmüharibə dövründə ölkəmiz regionda sülh danışıqları istiqamətində ardıcıl və məqsədyönlü təşəbbüslərlə çıxış edir. Sülh sazişinin ilkin layihəsi də məhz Azərbaycan tərəfindən hazırlanıb. Bu layihədə iki əsas prinsip hələ də gündəmdə qalır: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi və artıq funksionallığını itirmiş ATƏT-in Minsk qrupunun rəsmi şəkildə buraxılması. Dövlətimizin irəli sürdüyü bu təkliflər konstruktiv və beynəlxalq hüquqa uyğun xarakter daşıyır, bu baxımdan onların qəbul olunması prosesin məntiqi nəticəsi kimi mühüm önəm kəsb edir. Prezident İlham Əliyev Macarıstana səfəri zamanı mətbuata verdiyi bəyanatında qeyd etmişdir: “Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.

İki dövlət arasında münasibətlər siyasi, mədəni-mənəvi baxımdan da ortaq dəyərləri özündə birləşdirir. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Macarıstan bu il ikinci belə toplantıya ev sahibliyi edir. Bu fakt Macarıstanın türk dünyası ilə mədəni və siyasi yaxınlığının bariz nümunəsidir. Prezident İlham Əliyev Macarıstanın Türk Dövlətləri Təşkilatında fəallığını və təşəbbüskarlığını yüksək dəyərləndirərək qeyd edib ki, bu ölkə öz tarixi köklərinə çox bağlıdır.

Nəticə olaraq Azərbaycan ilə Macarıstan arasındakı əlaqələr dərin tarixi bağlara, ortaq strateji maraqlara və gələcəyə yönəlmiş əməkdaşlıq ruhuna söykənir. Prezident İlham Əliyevin Budapeştdə verdiyi bəyanat bu tərəfdaşlığın möhkəm təməllər üzərində dayandığını və genişlənməkdə olduğunu bir daha sübut edir.

Heydər Əsədov
Milli Məclisin deputatı