"Port car" şirkətinin vətəndaşları aldadaraq xaricdən avtomobil gətirmək adı ilə pullarını mənimsədiyi iddia edilir.
Sabahinfo.az-ın məlumatına görə, zərərçəkənlərdən Hidayət Məmmədov bildirib ki, şirkət rəhbəri Məmmədağa Əliyevdən beş avtomobil alıb, ödənişi edib, lakin vəd olunan müddət çoxdan keçməsinə baxmayaraq, maşınlar hələ də Azərbaycana gətirilməyib:
"Pullarını ödədim, dedi ki, 40-45 günə maşınlar gələcək. Artıq ilyarım keçib, avtomobillər respublikaya daxil olmayıb. Məndən başqa, 86 nəfər də zərər çəkib".
Başqa bir zərərçəkən Fəxrəddin Əliyev isə 17 min dollar ödədiyini qeyd edərək hazırda vəziyyətlərinin çıxılmaz olduğunu deyib:
"Hazırda axtarışdadır. Bu yaxınlarda qardaşı saxlanılmışdı, amma buraxılıb. Məsələdən xəbərimiz olmadı. Hamımız əlacsız gözləyirik".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Məmmədağa Əliyev barəsində axtarış elan olunub.
Onun barəsində 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Nazirlikdən əlavə edilib ki, qeyd edilən faktlar üzrə vətəndaşlara dəymiş zərər 555 254 manat təşkil edir. Şübhəlinin ölkəni tərk etdiyi müəyyən edilib və hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.
Daha ətraflı Baku TV-nin videomaterialında: