Dünya siyasəti dərin struktur dəyişiklikləri dövrünə daxil olub. Mövcud marşrutlar, enerji təchizatı zəncirləri və geoiqtisadi əlaqələr yenidən nəzərdən keçirilməyi tələb edir. Belə bir mürəkkəb dönüş mərhələsində Azərbaycan təkcə dəyişən reallığa uyğunlaşmaqla kifayətlənmir, həm də yeni Avrasiya məkanının formalaşmasına fəal şəkildə təsir edən ölkə kimi çıxış edir. Cəmi on il əvvəl əsasən regional enerji aktoru kimi tanınan Azərbaycan bu gün artıq Mərkəzi Asiya, Avropa və Yaxın Şərqi, gələcəkdə isə yeni təchizat zəncirləri vasitəsilə Şimali Amerikanı birləşdirən nəqliyyat, kommunikasiya və siyasi dəhlizlərin özünəinamlı memarına çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
O bildirib ki, bu transformasiya bir-birini tamamlayan çoxsaylı amillərin nəticəsində mümkün olub. İlk növbədə, Azərbaycan Xəzər sahilindəki coğrafi mövqeyini strateji üstünlüyə çevirməyi bacardı. Ənənəvi marşrutların yükləndiyi və siyasi risklərə məruz qaldığı dövrdə Bakı dayanıqlılığa, proqnozlaşdırılabilən və müasir infrastruktura əsaslanan məkan həlli təqdim edir. Ölkə Mərkəzi Asiya dövlətlərinin Avropa bazarlarına çıxış axtarışları ilə Qərb aktorlarının, o cümlədən ABŞ-ın, Asiya və Qərb arasında etibarlı bağlantılar yaratmaq maraqlarının kəsişdiyi bir nöqtəyə çevrilib.
Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın yeni mərhələyə keçməsi də bu prosesin mühüm tərkib hissəsidir. Bu gün ikitərəfli münasibətlər təkcə enerji mübadiləsi ilə məhdudlaşmır, həm də logistika, tranzit, rəqəmsal kommunikasiya və infrastruktur sahəsində qarşılıqlı investisiyaları əhatə edən çoxölçülü platformaya çevrilir. Mərkəzi Asiya ölkələri Azərbaycanı özlərinin “dünyaya çıxış nöqtəsi” kimi görməyə başlayıb. Trans-Xəzər dəhlizləri, multimodal daşımalar, liman və dəmir yolu şəbəkələrinin genişləndirilməsi Avrasiyanın siyasi dalğalanmalara daha az həssas olan yeni Şərq-Qərb körpüsünün əsasını formalaşdırır. Bu kontekstdə Bakı, sadəcə, tranzit ərazisi deyil, tərəfdaşlarına hazır nəqliyyat zəncirləri və texnoloji həllər təqdim edən tamhüquqlu logistika operatorudur.
Deputat, eyni zamanda qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri yeni, daha strateji dinamikaya qədəm qoyub. Vaşinqton artıq yalnız enerji əməkdaşlığına fokuslanmır, Azərbaycanı Mərkəzi Asiya ilə Qərb arasında formalaşan yeni təchizat arxitekturasında etibarlı və sabit bir logistika mərkəzi kimi görür. ABŞ-ın region üçün alternativ və təhlükəsiz marşrutlara artan marağı Azərbaycanı Qərbin uzunmüddətli investisiya və infrastruktur planlarında mühüm halqaya çevirir. Azərbaycanın siyasi sabitliyi, müstəqil və balanslı xarici siyasəti bu tərəfdaşlığın daha geniş sahələrə - təhlükəsizlikdən rəqəmsal infrastruktura qədər təsir göstərməsinə imkan yaradır. Təbii ki, Azərbaycanın beynəlxalq statusunu gücləndirən önəmli addımlardan biri D-8 formatına qoşulmasıdır. Sürətlə inkişaf edən iqtisadiyyatlara malik müsəlman ölkələrini birləşdirən bu platforma Bakının xarici siyasət coğrafiyasını daha da genişləndirərək Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika ilə əməkdaşlıq üçün yeni imkanlar açır.
Azərbaycan tərəfdaşları üçün də yeni imkanlar açır
S.Fətəliyeva diqqətə çatdırıb ki, D-8 çərçivəsində iqtisadiyyat, iqlim, nəqliyyat, media və urbanizasiya mövzularında keçirilən forumlar və proqramlar Azərbaycanın artıq yalnız mövcud mexanizmlərin iştirakçısı deyil, həm də qlobal müzakirələrin təşəbbüskarı və yeni kommunikasiya məkanının qurucusu olduğunu göstərir. Bu formatda Azərbaycan müxtəlif inkişaf modellərinə malik ölkələrin maraqlarını birləşdirən və qarşılıqlı faydalı yanaşmalar təklif edən dövlət kimi çıxış edir. Azərbaycanın beynəlxalq çəkisini artıran əsas strateji xətt isə nəqliyyat və kommunikasiya marşrutlarının genişləndirilməsidir. Yeni dəhlizlərin yaradılması, limanların modernləşdirilməsi, dəmir yolu magistrallarının genişləndirilməsi, multimodal terminalların istifadəyə verilməsi, boru kəmərləri və optik-fiber xətlərinin çəkilməsi ölkəni Avrasiyanın aparıcı logistika platformasına çevirir. Xüsusilə, Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə xəttini birləşdirən Orta Dəhliz qlobal qeyri-sabitlik fonunda ən tələb olunan və perspektivli marşrutlardan birinə çevrilib. Bu yol daha sürətli çatdırılma, ənənəvi marşrutlardan asılılığın azalması və iştirakçılar üçün daha dayanıqlı idxal-ixrac strategiyaları təqdim edir.
“Azərbaycan daxilində aparılan nəqliyyat transformasiyası da yeni iqtisadi model formalaşdırır. Ölkə enerji resurslarının tədarükçüsü rolundan çıxaraq logistika və tranzit xidmətlərinin operatoru roluna yüksəlir. Nəticədə, nəqliyyat, informasiya texnologiyaları, enerji şəbəkələri, logistika xidmətləri və xarici ticarətə dəstək mexanizmlərini özündə birləşdirən tamhüquqlu iqtisadi ekosistem formalaşır. Bu, sadəcə, tranzitin genişlənməsi deyil, uzunmüddətli investisiyaları stimullaşdıran və Azərbaycanın beynəlxalq nüfuzunu artıran davamlı, dinamik effekt yaradan yeni inkişaf modelidir. Bu dəyişikliklər Azərbaycanın tərəfdaşları üçün də yeni imkanlar açır. Mərkəzi Asiya ölkələri Avropa bazarlarına daha etibarlı çıxış əldə edir. Eyni zamanda, Avropa şirkətləri Asiyanın sənaye məhsullarına və xammal ehtiyatlarına daha sürətli və təhlükəsiz şəkildə çatır. ABŞ isə qlobal təchizat zəncirlərini diversifikasiya etmək və onları geosiyasi risklərdən qorumaq üçün etibarlı platforma qazanır. Beləliklə, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal iqtisadi-siyasi dinamikanın formalaşmasında mühüm rol oynayan ölkəyə çevrilir. Enerji tərəfdaşı statusundan çıxaraq Avrasiya miqyasında logistika mərkəzinə və daha da önəmlisi — nəqliyyat, kommunikasiya və platforma əməkdaşlığı üzrə beynəlxalq qaydaların təşəbbüskarı olan dövlətə çevrilir. Mövcud geosiyasi reallıqda Azərbaycan artıq qlobal proseslərin sadəcə iştirakçısı deyil. O, Prezident İlham Əliyevin liderliyi ilə bu proseslərin istiqamətini müəyyən edən, onların ritmini formalaşdıran və çoxqütblü dünyanın gələcək infrastrukturunu qurmağa qadir olan ölkədir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.