Azərbaycan iqtisadi artım tempinə görə inkişaf etmiş ölkələrdən geri qalmır

Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdam səfərindən hazırlanan  reportajlardakı mənzərələr erməni vəhşiliyinin, dağıdıcı qəbilə təfəkkürünün miqyasını bir daha nümayiş etdirdi. Ermənilər ötən 30 il ərzində tariximizi, mədəniyyətimizi yer üzündən silməklə bir daha dünyada vəhşi xalq kimi tanındılar. Onların məkrli məqsədi aydın idi. Xalqın çoxəsrlik ənənələrinə balta vurub yer üzündən silmək…

İstənilən halda buna nail ola bilmədilər. 44 günlük Vətən savaşında əldə edilən qələbəmiz düşmənin arzularını, planlarını yarımçıq qoydu.

Bu gün işğaldan azad edilən bölgələrdə quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilir.

Azərbaycan müasir tarixində nəhəng iqtisadi layihələrə imza atır. Gənc ölkə olmağına baxmayaraq, Azərbaycan əməkdaşlıq və dostluq əlaqələri qurdugu dövlətlərlə müxtəlif sahələrdə birgə layihələri ilə beynəlxalq miqyasda sözünü deyir. Hazırda ölkəmiz enerji mənbələri potensialı baxımından iqtisadi artım tempinə görə inkişaf etmiş ölkələrdən heç də geri qalmır. 

 Gücü 750 meqavat olan “Yaşma” yarımstansiyasının, eləcə də 385 meqavat “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlığına xidmət göstərir. Ayrıca, ötən il Azərbaycanda  27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilməsini də nəzərə alsaq, bu sahədə görülən işlərin miqyası haqqında aydın təsəvvür yaranır. Eyni zamanda, keçən il 1,6 milyard kilovat/saat  həcmində elektrik enerjisi ixrac edilməsi də rekord göstəricidir. Bu isə Azərbaycanın ciddi elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini göstərir.
 Bu kimi önəmli layihələrin icrasında, eləcə də inşasında ölkənin öz vəsaitindən yararlanması onun maliyyə və texniki imkanlarının gücündən xəbər verir. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi və sənaye potensialı artmaqda davam edir. Belə ki, ötən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunda sənaye istehsalının isə 20 faiz artması bunun bariz ifadəsidir.

Hazırda Azərbaycan enerjisi ölkə hüdudlarından kənara da öz töhfəsini verməkdədir. Bir neçə gün bundan qabaq Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının açılışında bu barədə daha ətraflı danışıb.

Enerji sahəsində lahiyələr genişliyi ilə seçilir. Azərbaycan bərpaolunan enerji potensialını artırır. İşğaldan azad olunmuş ərazilərdə keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub.  Əlavə olaraq, cari ildə daha 5 su elektrik stansiyasının inşasının sona çatması nəzərdə tutulub. Bunlar enerji sektorunda ciddi inkişaf deməkdir.

Azərbaycan uğurlu layihələr gerçəkləşdirməkdə qərarlıdır. Artıq BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan Günəş Elektrik Stansiyasının inşası ilə əlaqədar danışıqlar aparılır. Eyni zamanda, bu  yöndə Birləşmiş Ərəb Əmirliklərinin  Mazdar şirkəti ilə də müzakirələr gedir. Belə ki, “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi diqqətdə saxlanılır.

Azad edilmiş torpaqlarda 9 min meqavatdan artıq təsdiqlənmiş enerji potensialı mövcuddur. Bu, həm də Qarabağ və Şərqi Zəngəzurun zəngin enerji potensialı və Azərbaycanın bu sahədə ixrac imkanlarının gücü barədə aydın təsəvvür yaradır. Burada Zəngəzur dəhlizinin önəmini də vurğulamaq yerinə düşər. Belə ki, Zəngəzur dəhlizi təkcə  dəmir, avtomobil yolu deyil, eləcə də enerji növlərinin ixracında böyük rola malik olacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək, oradan xarici bazarlara, eyni zamanda, Türkiyəyə, daha sonra Avropaya çıxarmaq üçün yeni bir xəttin olması nəzərdə tutulur.

Ölkəmizin təkcə neft və qazdan deyil, eyni zamanda, elektrik enerjisindən də valyuta əldə etməsinə, sosial şəraitin daha da yaxşılaşmasına əlverişli zəmin yaradır.

 

Məşhur Məmmədov

Milli Məclisin deputatı