Azərbaycan modeli qlobal müzakirələrin ayrılmaz hissəsinə çevrilib ŞƏRH

Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın artan beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin təsdiqidir. Bu iştirak həm regional təhlükəsizlik arxitekturasının formalaşdırılması, həm də qlobal güc mərkəzləri ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından xüsusi siyasi məna daşıyır.

Vaşinqton kimi beynəlxalq siyasətin əsas mərkəzlərindən birində keçirilən iclasda Azərbaycanın dövlət başçısının iştirakı ölkəmizin Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. 2020-ci ildən sonra regionda yaranmış siyasi konfiqurasiya, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi fonunda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış etməsi rəsmi Bakını proseslərin mərkəzi aktoruna çevirib. Prezident İlham Əliyevin bu iclasda iştirakı bir daha nümayiş etdirir ki, Azərbaycan artıq regional məsələlərin obyektinə deyil, qlobal müzakirələrin subyektinə çevrilmiş dövlətdir. Bu, uzun illər ərzində həyata keçirilən balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin məntiqi nəticəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

Deputat bildirib ki, Vaşinqton platformasında təmsilçilik, eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərinin yeni məzmun qazanması baxımından diqqətəlayiqdir. ABŞ-nin paytaxtında təşkil olunan belə bir formatda iştirak Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional sabitlik sahəsində oynadığı rolun yüksək qiymətləndirilməsinin göstəricisidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Orta Dəhliz çərçivəsində tranzit potensialının artması, həmçinin postmünaqişə dövründə sülh təşəbbüsləri ölkəmizi Qərb üçün etibarlı tərəfdaşa çevirib. Prezident İlham Əliyevin Sülh Şurasında iştirakı bu etimadın siyasi müstəvidə ifadəsidir.

“Son illərdə Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində konkret təşəbbüslərlə çıxış edib. Dövlətimizin başçısının çıxışlarında daim vurğuladığı kimi, regionda dayanıqlı sabitlik yalnız qarşılıqlı suverenliyin və sərhədlərin toxunulmazlığının tanınması əsasında mümkündür.

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak, əslində, Azərbaycanın təqdim etdiyi sülh modelinin beynəlxalq müzakirəyə çıxarılması deməkdir. Bu model güc nümayişinə deyil, hüquqa, beynəlxalq prinsiplərə və real siyasi iradəyə əsaslanır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq prosesi və Böyük Qayıdış proqramı sülhün praktik təzahürüdür. Prezident İlham Əliyevin Vaşinqton platformasında iştirakı Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun davamı kimi qiymətləndirilməlidir. Bakı nə Qərblə, nə də digər güc mərkəzləri ilə münasibətlərdə asılılıq modelini qəbul edir. Əksinə milli maraqlara əsaslanan praqmatik siyasət yürüdür.

Sülh Şurasının ilk iclasında iştirak həm də Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında söz sahibi olmaq iddiasını ortaya qoyur. Bu, siyasi müstəqilliyin və strateji qərarvermə azadlığının praktik ifadəsidir”, - deyə A.Quliyev vurğulayıb.

O əlavə edib ki, Vaşinqtonda Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq sistemdə artan rolunun, regional liderlik mövqeyinin və sülh təşəbbüslərinin qlobal səviyyədə qəbul edilməsinin göstəricisidir. Bu hadisə təkcə diplomatik təqvimdə qeyd olunan bir görüş deyil, o, yeni mərhələnin başlanğıcını ifadə edən siyasi mesajdır.

Azərbaycan artıq postmünaqişə mərhələsində yalnız öz gələcəyini deyil, regionun və daha geniş coğrafiyanın təhlükəsizlik arxitekturasını formalaşdıran aktorlardan biridir. Vaşinqton platformasında verilən mesaj isə aydındır: sülh təşəbbüslərinin mərkəzində dayanan, müstəqil siyasət yürüdən və beynəlxalq hüquqa söykənən Azərbaycan modeli qlobal müzakirələrin ayrılmaz hissəsinə çevrilib.