Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın İllik Sessiyasındakı iştirakını uğurla başa vurub

Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın İllik Sessiyasındakı iştirakını uğurla başa vurdu. İllik Sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsi və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihələrinə ölkəmizin maraqlarına zidd olan dəyişiklik irəli sürülmüşdü. Təqdim edilən bütün böhtan və şər dolu çıxışlara baxmayaraq nümayəndə heyətimizin birgə fəaliyyəti nəticəsində ermənilərə və onların havadarlarına tutarlı cavab verildi. “Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun” “dirçəldilməsi” və erməni terrorçularının dərhal azad olunması tələbi ATƏT PA-da rədd edildi, illik Sessiyanda Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırlanan və təqdim olunan bütün düzəlişlərin və təkliflərin qarşısı qətiyyətlə alındı. Əlavə olaraq qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev səsvermənin nəticələrinə görə ATƏT PA-nın iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri vəzifəsinə seçildi.