Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı

Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Təsadüfi deyil ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, müasir və müstəqil Azərbaycanın uğurlarının əsası ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti illərində qoyulub. Ümummilli Liderin bütün sahələr kimi, ordu quruculuğu, hərb sahəsinə də böyük diqqət yetirdiyini qeyd edən S.Xasayeva bildirib: “1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Ölkə müharibə şəraitində olduğu üçün səfərbərliyin təşkili, ölkənin suverenliyini qorumağa qadir ordunun döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsini, sosial şəraitin yaxşılaşdırılmasını əhatələyən tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Azərbaycan dövlətçiliyinə sonsuz sədaqətlə xidmət edən bu tədbirlər Azərbaycanın suverenliyinin, müstəqilliyinin qarantı olan silahlı qüvvələrin nizami ordu kimi formalaşmasında çox faydalı oldu. Qısa müddətdə ölkəmizdə nizami ordu formalaşdı”.

Ulu Öndərin dahiyanə uzaqgörənliklə əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey müstəqillik illərində də Azərbaycanda hərbçi kadrların hazırlanmasında böyük baza olduğunu vurğulayan deputat qeyd edib ki, Azərbaycan Ordusunun formalaşmasında böyük rolu olan bu məktəbin məzunları istər Birinci, istərsə də Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşaraq, yüksək dövlət təltiflərinə layiq görülüblər. Ümummilli Liderin Sərəncamı ilə 1993-cü il noyabrın 23-də “Müdafiə haqqında” Qanunun qəbul edilməsi ordu quruculuğu istiqamətində görüləcək bütün tədbirlərin mahiyyəti üçün hüquqi əsas yaratdı. Ulu Öndər istər ordunun şəxsi heyətinin, istərsə də ictimaiyyətin qələbəyə inamını erməni silahlı birləşmələrinin hücum əməliyyatlarını dayandırmaqla, onun irəliləməsinin qarşısını almaqla coşdurdu. 1994-cü ilin yanvarın 5-də Horadiz əməliyyatı kimi tarixə düşən hərbi əməliyyat başladı. Horadiz əməliyyatında Azərbaycan Ordusu Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdi. 1994-cü il mayın 12-də imzalanan atəşkəs ordu quruculuğunu dinamik əsaslarla aparmağa şərait yaratdı. Ulu Öndərin rəhbərliyi ilə ordunun mərkəzləşdirilmiş maddi-texniki bazası genişləndi və yaxşılaşdırıldı, əsgər və zabitlərin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldildi, ordu quruculuğunda genişmiqyaslı islahatlara başlanıldı. Ulu Öndər deyirdi: “Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində də gərəkli islahatlar aparıldı. Belə ki, bu müəssisələrdə tədris NATO standartlarına uyğun aparılmağa başladı. Bu, kursantların hərbi biliklərə daha əhatəli yiyələnməsini təmin etdi. Bundan başqa, ölkənin müdafiə sənayesi Ulu Öndərin rəhbərliyi ilə elmi əsaslarla inkişaf etdirilirdi. Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgilərində çoxtərəfli əlaqələr qurulurdu. Bu sərgilərdə Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi məhsullarla yanaşı, ordu quruculuğunda əldə edilən üstün nailiyyətlər də nümayiş olunurdu. Bu isə özlüyündə dünya dövlətlərində Azərbaycanın iqtisadi qüdrəti, ordusunun gücü haqqında gərəkli təəssüratlar yaradırdı.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ordu quruculuğu istiqamətində onun işini yüksək səviyyədə davam etdirdi. Bir tərəfdən münaqişənin sülh yolu ilə həlli istiqamətində işlər aparılsa da, digər tərəfdən ordu quruculuğunda böyük işlər görülür, genişmiqyaslı islahatlar həyata keçirilirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən hərbçilərimiz lazımi təcrübə qazanırdılar. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına çıxdı və 44 günlük Vətən müharibəsində öz qüdrətini dünyaya göstərdi. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar silahlı qüvvələrin nizami ordu kimi formalaşdırılması prosesini hərbi-elmi baxımdan yüksək səviyyədə tamamladı. Bu prosesdə ictimaiyyətin də iştirakı təmin edildi. Ordu sıralarına minlərlə gənc daxil oldu ki, bu da həm Ordunun gücünün artırılması kimi, həm də ordu – ictimaiyyət münasibətlərinin daha da möhkəmləndirilməsi kimi gərəkli oldu.

Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısının rəhbərliyi ilə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi, hərbi texnikalarla, atıcı silahlarla, uçuş aparatları ilə və s. təchiz olunması, müasir standartlara uyğun, bütün infrastrukturlara malik yeni hərbi şəhərciklərin inşa edilməsi, hərbi tələblərə cavab verən təlim poliqonlarının yaradılması, müxtəlif təyinatlı və müxtəlif miqyaslı təlimlərdə uğurla iştirakı ordunun döyüş hazırlığını arzulanan səviyyədə yüksəltdi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazi işğaldan azad edildi. Bu qələbələr düşmənin əsgər və zabitlərinə müəyyən vahimə də yaşatdı, ordumuzun şəxsi heyətinin döyüş əzmimi də yüksəltdi, qələbə ruhunu da. Bir sözlə, Aprel döyüşləri düşmənin gözünün odunu aldı və Vətən müharibəsinə zəmin yaratdı.

Səbinə Xasayeva deyib: “2020-ci ilin iyununda yeni ərazilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpaqlarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını aldı. Əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Azərbaycan Ordusu dövlətimizin başçısının bu sözlərini döyüşlərdə qələbələrlə təsdiqləyirdi, gücü, qüdrəti, mənəvi-psixoloji hazırlığı ilə. Beləliklə, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı. Bu müharibə Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Biz Ordumuzla qürur duyuruq. Azərbaycan qüdrətli ölkədir və güclü ordusu var. Düşmənlərimiz bunu unutmasınlar”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularının medallarla təltif olunması dövlətimizin ordumuza və hərb sahəsinə olan diqqətinin bariz nümunəsidir.