Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir

İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub. Dövlət başçısı çıxışında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandunq prinsipləri"nin Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğunu qeyd edib. Ölkə başçısı bildirib ki, bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü olub. Eyni zamanda 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycana 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik həvalə edilib.

2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub.
Dövlət başçısı Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırıb. Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. 

Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edir.

Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk. Ən mühüm məqam Azərbaycanın 30 illik münaqişəyə son qoyması, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsidir. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşmuşdur. Azərbaycanın bu şanlı Qələbəsi də Ali Baş Komandanımızın qeyd etdiyi kimi, beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir. Eyni zamanda, məlum olduğu kimi, Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

Cənab Prezidentin vurğuladığı kimi, biz artıq azad olunmuş ərazilərdə yenidənqurma işlərinə başlamışıq: “Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”. Göründüyü kimi, Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır.

Əfəndi İbrahimli
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi